Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri ilə səyyar qəbul və görüşü
Təngərüd və Maşxan kəndləri dağətəyi ərazidə səfalı bir guşədə yerləşir. Son illərdə bu kəndlərin ərazisi böyüyüb, çoxlu fərdi yaşayış evləri tikilib. Əhalinin güzəranı da xeyli yaxşılaşıb. Hər iki kənddə təbii qaz şölələnir. Fasiləsiz elektrik enerjisi verilir. Kəndlərdə əsas məşğuliyyət əkinçilik, sitrusçuluq və heyvandarlıqla bağlıdır. Kommersiya ticarəti ilə məşğul olanlar da vardır.
Hər iki kənddə sosial-iqtisadi problemlər uğurla həll olunur. Ziyalılar, ağsaqqallar, gənclər əl-ələ verib kəndlərin inkişafı üçün faydalı iş görürlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hər iki kəndin əhalisi ilə 22 may tarixində Təngərüd kəndində keçirilən görüşündə kənd inzibati ərazi dairəsi nümayəndə Süleyman Ağacanovun verdiyi məlumatda bütün bunlar geniş əks olunmuşdu.
Görüşdə çıxış edənlər həlli vacib olan məsələlərdən danışdılar, faydalı təkliflər irəli sürdülər.
Təngərüd kənd tam orta məktəbinin müəllimi İltifat Xanmuradov, Təngərüd kənd sakinləri İlham Haqverdiyev, Nəhmət Əliyev, Rahim İsfəndiyarov, Maşxan kənd sakini Allahverən Həmidov çıxış edərək Ulu Öndərin müəyyən etdiyi uzaqgörən siyasəti ardıcıl olaraq həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ən uzaq kəndlərin, o cümlədən Təngərüd və Maşxan kəndlərin sosial problemlərinin sürətlə həll olunduğunu qeyd etmiş, bunun üçün ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər. Sakinlər həm də Təngərüd kəndinin yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi, məktəbin bəzi sinif otaqlarının döşəməsinin təmiri, məhəllə üçün elektrik transformatorunun qoyulması, kəndə suvarma suyunun verilməsi, aqrolizinq yolu ilə gübrə verilməsinə köməklik barədə arzu və təkliflərini söyləmişlər.
Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev səmimi və işgüzar görüşə görə kənd sakinlərinə təşəkkürünü bildirərək qeyd etdi ki, Təngərüd kəndi doğrudan da ziyalı kənddir. Çox qoçaq, elinə, obasına bağlı işgüzar insanları var. Aldığım məlumata görə bu kəndin yetirmələri nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində səmərəli fəaliyyətlərinə görə bu yurda başucalığı gətirməklə, ölkəmizi ləyaqətlə təmsil edirlər.
Bura gələndə yol kənarlarında səliqəli təsərrüfatları, bağ-bağatı gördüm. Ürəyim açıldı, çox sevindim. İnanıram ki, bundan sonra da bu inkişaf davam edəcək.
Xalqımızın Ümummilli Lideri, Ulu Öndərimizin bir müdrik kəlamını nəzərinizə çatdırmaq istəyirəm. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Azərbaycan dünyaya günəş kimi nur saçacaq”. Doğrudan da böyük uzaqgörənliklə deyilmiş bu məşhur deyimin bariz nümunəsini Azərbaycanımızın bugünkü tərəqqisində, dünyanın aparıcı dövlətləri sırasına sürətlə inteqrasiya etməsində, gündən-günə çiçəklənməsində görürük. Bu günlər bütün Avropa Azərbaycandadır. Bu insanlar dostluğa, əməkdaşlığa, xalqlar arasında sülhün bərqərar olmasına xidmət edən böyük bir musiqi, incəsənət bayramına – “Eurovision” mahnı yarışmasına şahidlik etmək üçün ölkəmizə gəliblər. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən respublikamızın bu sürətli, hərtərəfli inkişafı gələn qonaqları da heyran qoymuşdur. Yəqin ki, kütləvi informasiya vasitələrində, televiziya proqramlarında ölkəmizə gələn xarici ölkə vətəndaşlarının açıq etiraflarının şahidisiniz.
Bir neçə il bundan əvvəl 5 ilə bir məktəb binası tikmək mümkün olmadığı halda, hazırda rayonumuzda eyni vaxtda 11 yeni məktəb binası tikilir. Digər abadlıq işləri görülür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar yeni-yeni layihələr həyata keçirilir. Bu inkişaf ildən-ilə güclənir, sürətlənir.
Burada söylənən arzu və təkliflərin icrası şəxsən mənim nəzarətimdə olacaq. Sizin kimi torpağa bağlı, əməksevər insanlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Xalqın rifah halının yaxşılaşmasına xidmət edən işlərin həyata keçirilməsi bizim həyat amalımızdır.
Sizə bu səmimi görüşə görə bir daha minnətdarlıq edirəm və bildirirəm ki, bundan sonra da sizinlə tez-tez görüşəcəyik. Sağ olun!