Dürriyə kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə müntəzəm xarakter alan görüşünün növbəti ünvanı Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dürriyə kəndi olmuşdur. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Dürriyə kəndində 865 nəfər əhali yaşayır. Məşğuliyyətləri əsasən heyvandarlıq və əkinçilikdir.
İcra başçısı əhalini salamlayaraq mürəkkəb relyefə malik dağ kəndində inşasına başlanılmış 56 şagird yerlik yeni məktəb binasının tikintisi münasibəti ilə onları təbrik etmişdir. Bildirmişdir ki, rayonumuzun əksər ümumtəhsil məktəbləri üçün hər cür invertar və avadanlıqla təchiz edilmiş müasir tipli binalar tikilərək istifadəyə verilmişdir.
Sizi və bizi düşündürən, narahat edən əsas məsələ bu kəndlərə asfalt yolun çəkilməsidir. Deqədi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılandan sonra bu istiqamətdə olan bütün kəndlərdə yaşayan əhalinin ən böyük problemi həllini tapıbdır. Bunu siz də çıxışlarınızda dönə-dönə qeyd etməklə, cənab Prezidentə minnətdarlıq edirsiniz. Dürriyə və Şümrüd kənd yolunun layihəsi də hazırlanmış, yaxın gələcəkdə bu məsələ tamamilə həllini tapacaqdır. Yollar asfaltlaşdırılandan sonra qonşu Şümrüd kəndində də yeni məktəb binası tikiləcəkdir.
Bu gün sizinlə görüşməkdə məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir. Buyurun təkliflərinizi verin.
Sakinlərdən Nüsrət Dadaşov, Tofiq Fərhadov, Şahmar Fərhadov, Balacan Məmmədov, Ağaxan Məmmədov, Məmmədhüseyn Dadaşov, Bəşir Əzizov, Əli Əzizov, İnətulla Zülfüqarov, Ramiz Fərhadov və başqaları çıxış edərək müntəzəm olaraq onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmişlər. Ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, belə abad, azad bir ölkənin sakinləri olmaqlarından qürur duyduqlarını bildirmişlər. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə danışmış, göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildirmişlər.
Çıxış edənlər kənd yolunun asfaltlaşdırılması, yolda su ötürücü borunun qoyulması, elektrik xətt təsərrüfatının təmiri, transformatorun yenisi ilə əvəz edilməsi, odun yanacağı ilə təmin olunması və digər məsələlər barədə arzu və təkliflərini də bildirmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, bəzi məsələlərin yerində həlli ilə əlaqədar tapşırıqlar vermişdir.
Qeyd etmişdir ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri artıq ucqar yaşayış məntəqələrinə keçmişdir. Hazırda Dürriyə kəndi ilə yanaşı nümayəndəliyin Doli kəndində də modul tipli məktəb binasının tikintisinə başlanmışdır. Doli və Diqo kəndinə elektrik xəttinin çəkilişi də bu yaxınlarda həyata keçiriləcəkdir. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün digər işlər də davamlı olaraq görüləcək.
Bunlar Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olmaqla, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğısı sayəsində reallaşır.
Sadaladığınız məsələləri də diqqətlə dinlədim. Bunlardan ən vacib olanı yoldur ki, bu barədə məlumat verdim. Digər əsas problem kimi elektrik xətt təsərrüfatınıın köhnəliyini qeyd etdiniz. Bu xətlər istismar müddətini bitirsə də vaxtaşırı aparılan təmir işləri ilə əhaliyə fasiləsiz elektrik enerjisi verilir. Amma bütün xətt təsərrüfatı əsaslı olaraq yenilənəcəkdir. Bu istiqamətdə işlərə başlanmışdır.
İcra başçısı hazırda Respublikada böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Bildirmişdir ki, cənab Prezidentin Sərəncamları ilə böyük həcmli sosial paketin icrasına başlanmış, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmış, problemli kreditlərlə bağlı məsələlər həllini tapmışdır. Bu böyük sosial paket 4 milyondan çox insanı əhatə etmişdir. Bütün bunlara görə möhtərəm prezidentimizə hədsiz minnətdarlığımızı bildirirəm.
Borcumuz cənab Prezidentin ətrafında sıx birləşməklə, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.