Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış və ali hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş

16 avqust 2019 | 16:00

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 16 avqust tarixində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov 2018-2019-cu tədris ilinin təhsil göstəriciləri barədə məlumat vermişdir. Tədris ilinin ümumtəhsil məktəblərimiz üçün uğurlu olduğunu, 2 şagirdimizin Respublika Fənn Olimpiadalarında medal qazandığını, 7 şagirdin fərqlənmə attestat aldığını diqqətə çatdırmışdır.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan İcra başçısı vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Son illər rayonumuzda 40-dan çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini qeyd edərək təhsil uğurlarının daha da artırılmasını tövsiyə etmişdir.

Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 260 nəfərinin tələbə adını qazanmasını böyük nailiyyət olduğunu qeyd edərək, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edən icra başçısı, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulamışdır.

Bildirmişdir ki, dövlətimizin bu günkü yüksək inkişafında, tərəqqisində ulu öndər Heydər Əliyevin dahiyanə xidmətləri olmuşdur. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev böyük uzaqgörənliklə və inamla müstəqil Azərbaycanımızı işıqlı  gələcəyə aparır. Siz belə bir dövlətin vətəndaşı olmağınızla həmişə fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir,  təhsil yollarında hamınıza uğurlar arzulayıram.

Tədbirdə çıxış edən valideyn Vüqar Ağayev  gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişdir.

Tələbə adını qazanmış Nərmin Əliyeva,  Aysel Quliyeva və başqaları çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər. 

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.

 

Keçidlər