Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

20 avqust 2019 | 16:00

Avqustun 20-də Astara rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məsul işçiləri, Astara, Lənkəran, Masallı və Lerik rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminə baxıblar.

Müşavirəni açan Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini vurğulamışdır. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğının göstərildiyini qeyd edən natiq Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını diqqətə çatdırmışdır.

Seminar-müşavirədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, xalqımızın multikultural və tolerant dəyərləri, o cümlədən milli-mənəvi və dini dəyərlərimizin təşviqi, vətəndaşlarımızın yad dini ideologiyaların və xurafat elementlərin təsirlərindən qorunmalarının vacibliyindən danışmışdır.

Komitə rəsmisi bildirib ki, hazırkı dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur. Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir.

Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini bildirmişdir.

Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran Səyavuş Heydərov, bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu diqqətə çatdırmışdır.

Bildirmişdir ki, hakimiyyətə gəlişi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibəti kökündən dəyişən və yeni ideologiya formalaşdıran Ümummilli Liderin çoxşaxəli irsi, tövsiyələri milli-mənəvi dəyərlərimizin qorunması üçün hər bir gəncin bəhrələnməli olduğu zəngin məktəbdir.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən din siyasəti çərçivəsində dini radikalizm və beynəlxalq terrorizmin təzahürlərinin qarşısının alınmasında, o cümlədən beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, islamafob meyillərə qarşı mübarizədə dinlərarası əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi üçün uğurlu platforma yaradılıb.

Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşkili və təşviqi sahəsindəki çoxşaxəli və olduqca mühüm əhəmiyyət kəsb edən fəaliyyəti diqqətə çatdırılmışdır.

Tədbirdə Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və başqaları çıxış etmişlər. 

Seminar-müşavirəyə yekun vuran DQİDK-nın sədr müavini Səyavuş Heydərov sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırmışdır.

 

Keçidlər