Miki kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində əhali ilə keçirdiyi görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı əhalini salamlayaraq bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı görüşsək də, bu gün yaşadığınız Miki kəndində sizinlə görüş keçirməyi planlaşdırdıq. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdir.
Sakinlərdən Əlikram Salayev, Mirzağa Nəzirov, Sədaqət Hüseynov, Şirzad Fərziyev, Zakir Nəzirov, Fətəli Fərziyev, Anar Nəsirov, Talıb Talıbov, Bəhram İbrahimov və başqaları çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər əhali ilə tez-tez görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Çıxış edənlər Miki kəndinə qaz xəttinin çəkilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, Niləşə kəndindəki avtomobil körpüsünün genişləndirilməsi, odun yanacağı ilə təmin olunması, kənddə telefon nömrələri və internet şəbəkəsinin artırılması, bal şatışı yarmarkasında saxta bal satışının qarşısının alınmasına köməklik göstərilməsi və digər məsələlər barədə arzu və təkliflərini bildirmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli mümkün məsələlər barədə tapşırıqlarını vermişdir.
Bildirmişdir ki, sadaladığınız məsələlər qlobal məsələlər deyil. Bu kəndin ən böyük problemi olan Taxtanakəran-Miki yolu asfaltlaşdırılaraq istifadəyə verilməklə həllini tapmışdır. Əhalinin güzəranı xeyli yaxşılaşmış, rayonun mərkəzi və qonşu kəndlərlə gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. Gözəl təbiəti olan bu və digər qonşu kəndlərdə turizmin inkişafı üçün böyük imkanlar vardır. Yəqin ki, gələcəkdə bu sahənin inkişafına diqqət artacaqdır.
Qaz xəttinin çəkilməsi ilə əlaqədar bildirirəm ki, aran kəndlərimizin böyük əksəriyyəti qazlaşdırılmış, lakin qazlaşmayan kəndlərimiz də vardır. Onlar yekunlaşandan sonra bu dağ kəndləri də qazlaşdırılacaqdır. Bununla əlaqədar cənab Prezidentin tapşırığı vardır.
Qaz xəttinin olmadığı kəndlərdə yaşayan sakinlərimizin odun yanacağı ilə təmin edilməsi barədə aidiyyəti üzrə tapşırıqlar vermişik. Bu barədə heç bir problem olmayacaq.
Digər məsələlər də tədricən həllini tapacaqdır. Olduqca mənzərəli səfalı olan bu kənddə bizi sevindirən hadisə həm də o oldu ki, daha siz yol, işıq barədə deyil, telefon xətti, internet tələbi ilə müraciətlər edirsiniz. Bu da ölkəmizdə gedən inkişaf və tərəqqinin nəticəsidir və bizi sevindirir.
Müstəqil dövlətimiz durmadan inkişaf edir. Bütün sahələrdə uğurlar qazanılır. Azərbaycanımızın yüksək inkişafı bizi sevindirir. Bununla fəxr edirik. Bu inkişafı gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss edirik. Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamlarla mühüm tədbirlər həyata keçirilir. Son illər rayonumuzda görülən işlər dediklərimizə sübutdur. Məktəblər, səhiyyə müəssisəsləri tikilir, yollar asfaltlaşdırılır, körpülər salınır. Bu cür sosial layihələrin icrası bundan sonra da davam edəcəkdir.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyası getdikcə artır. Cənab Prezident tərəfindən qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlarla əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmışdır. Hər bir Azərbaycan ailəsi bu gün yüksək səviyyədə bu sosial qayğının təzahürlərini hiss edir. Elə bir ailə yoxdur ki, dövlətin bu qayğısından yararlanmasın.
İcra başçısı belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.