Şuvaş kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şuvaş kəndində əhali ilə keçirdiyi görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı Şuvaş kəndinə ilk gəlişinin təbii qazın verilməsi ilə əlaqədar təşkil olunan tədbirdə iştirakdan başlandığını, sonralar bir neçə dəfə burada və qonşu kəndlərdə səyyar qəbullarda görüşdüklərini bildirmişdir. Bu görüşlərdə qaldırılan məsələlərin həllinə imkan daxilində köməklik göstərildiyini, ötən müddət ərzində ərazidə xeyli quruculuq-abadlıq işlərinin görüldüyünü diqqətə çatdırmış, hazırda narahatlıq doğuran məsələlər barədə təkliflər verməyi xahiş etmişdir.
Sakinlərdən Mahmud Mahmudov, Məmmədağa Mustafayev, Sahil Babayev, Rüfət Şahmarov və başqaları çıxış edərək Respublikada həyata keçirilən qlobal layihələrdən, rayonda aparılan geniş quruculuq-abadlıq işlərindən, ən ucqar yaşayış məntəqələrinin sosial problemlərinin həllindən məmnunluğunu bildirərək, əhalinin rahat yaşayışının təmin edilməsi sahəsində göstərilən bu qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Çıxış edənlər kənddə elektrik transformatorunun daha güclüsü ilə əvəz edilməsi, kəndə telefon xəttininin çəkilməsi, kənd ara yolunun təmir edilməsi, yeni məhəlləyə qaz xəttinin çəkilməsi, kəndə ictimai nəqliyyat üçün marşrut xəttinin açılmasına köməklik göstərilməsi barədə təkliflərini vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir. Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənəcəkdir. Bununla əalqədar artıq müəyyən işlər görülür. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır və bu işdə çətinliyimiz yoxdur.
Kəndin əsas problemlərindən biri su problemidir ki, bunun üçün artezian quyusunun qazılması planlaşdırılıb, bu məsələ həllini tapacaqdır. Cənab Prezidentin ayırdığı vəsait hesabına çəkilən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük əhəmiyyət kəsb edir. Asfalt yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir.
Digər məsələlər də tədricən həllini tapacaqdır. Ölkəmiz böyük inkişaf yolundadaır. Azərbaycanımızın hər sabahı bu günündən daha da güclü olur. Respublikamızda çox böyük inqilabi işlər görülür. Rayonumuz da bu inkişafdan geri qalmır. Son illər əksər kəndarsı avtomobil yolları asfaltlaşdırılmış, müxtəlif sosial obyektlər – məktəblər, ictimai yaşayış binaları, səhiyyə müəssisələri inşa edilərək əhalinin istifadəsinə verilmişdir.
Qonşu dost ölkələrlə mühüm beynəlxalq layihələrin icra olunması ilə ölkəmizin siyasi çəkisi və iqtisadi gücü gündən-günə artaraq regionda əsas söz sahibinə çevrilmişdir.
Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsisiz minnətdarlıqlarını bildirirlər. Aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Cənab Prezidentin imzaladığı sərəncamlarla təkcə bu il böyük sosial paketin icrası həyata keçirilmiş, əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmışdır. Hər bir Azərbaycan ailəsi bu gün yüksək səviyyədə bu sosial qayğının təzahürlərini hiss edir.
Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.