Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şiyəkəran və Şahağacı inzibati ərazi dairəsi üzrə nümayəndələrinin sakinləri ilə görüşü

25 may 2012 | 15:00

Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Şiyəkəran və Şahağacı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhali ilə keçirdiyi görüş digər kəndlərdə olduğu kimi, böyük razılıq hissi ilə qarşılandı. Hər iki kənddə sosial-iqtisadi inkişaf istiqamətində müəyyən işlər görülsə də həlli vacib olan problemlər də az deyil. Görüşlər zamanı kəndlərin sakinləri bu problemlər barədə fikirlərini, arzu və təkliflərini icra başçısı Q.Ağayevə inam hissi ilə söylədilər.
Əvvəlcə əhali ilə Şiyəkəran kəndində görüş keçirildi. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev və bələdiyyə sədri Feyruz Nəcəfov ərazidə görülən işlər barədə məlumat verdilər. Kənd sakinlərindən ağsaqqal Əsgər Zeynalov, Kazım Əliyev, müharibə veteranı Məmmədşah Əliyev, Şiyəkəran kənd 2 saylı tam orta məktəbin müəllimi Həbib Həbibov çıxış edərək arzu, təklif və xahişlərini bildirdilər. Təkliflərdə Şiyəkəran kənd 2 saylı tam orta məktəbin və kənd uşaq bağçasının əsaslı təmiri, kəndin qazlaşdırılmasının başa çatdırılması, məhəllə yolunun asfaltlaşdırılması barədə məsələlərdən söhbət açıldı.
Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev çıxış edərək demişdir:
- Əziz şiyəkəranlılar!
Belə gözəl havada, sərin bir yay günündə sizinlə görüşməyə çox şadam. Sizinlə bu ilk tanışlıq görüşümüzün belə səmərəli və işgüzar keçməsinə görə hər birinizə minnətdarlığımı bildirirəm. Səslənən arzu və təkliflərin bir qismi barədə hələ bura gəlməmişdən də müəyyən məlumatım var idi.
Yol boyu gələndə həyətyanı sahələrdə və fermer təsərrüfatlarında çalışan kənd sakinlərinin işgüzarlığını görəndə bu insanların torpağa bağlılığı məni hədsiz sevindirdi. Verilən məlumata görə təsərrüfat sahələrinin həcmi ildən-ilə böyüyür. Bunların hamısı yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən faydalı işlərdir. Bunu alqışlayıram. Sadalanan arzu və təkliflərdən aydın oldu ki, bu kəndin elə bir ciddi problemi qalmayıbdır. Əsas məsələ kəndin tam qazlaşdırılması ilə bağlıdırsa, bilməlisiniz ki, ölkə prezidenti Möhtərəm cənab İlham Əliyevin bu barədə xüsusi tapşırığı vardır. 2013-cü ilə qədər dağ kəndləri istisna olmaqla digər bütün yaşayış məntəqələrin qazlaşdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar rayonumuzun bir sıra yaşayış məntəqəsində sürətli iş gedir. Bu kənddə də qazlaşdırmanın tezliklə tam başa çatdırılması təmin olunacaqdır.
Məktəb və kənd uşaq bağçasının əsaslı təmiri ilə əlaqədar bildirirəm ki, hazırda rayonumuzun ayrı-ayrı kəndlərində eyni vaxtda 11 yeni məktəb binası tikilir. Bu kənddə də bir yeni məktəb binası tikilib istifadəyə verilibsə, digər məktəbin və uşaq bağçasının əsaslı təmirinə də növbə çatacaqdır. Bunlar artıq sürətli bir inkişaf yolunda olan müstəqil dövlətimiz üçün problem sayıla bilməz.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə rəhbəri möhtərəm cənab İlham Əliyev tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün bunlar əksini tapmış və həlli mərhələ-mərhələ həyata keçirilir. Mən yenə də sizinlə görüşə gələcəyəm. Və inanıram ki, növbəti görüşlərimizdə artıq burada sadalanan problemlərin həlli barədə razılıqlarınızı bildirəcəksiniz.
Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tərifə Ərəbova çıxışında ərazidə sosial-iqtisadi inkişafla, əhalinin məşğulluğu ilə bağlı məlumatlar verdi. Kənd sakinləri Hənifə Bağırov, Şərəf Səmədova, Sultanağa Həsənov, Maqsud Mirzəyev, Solmaz Mirzəyeva tərəfindən kəndə təbii qazın verilməsini sürətləndirmək, kəndin təzə yaşayış massivinə telefon xəttinin çəkilməsi və digər məsələlər barədə təkliflər və fərdi yaşayış evinə gedən yolun qonşusu tərəfindən tutulması, kommersiya tikintisi üçün yer ayrılması kimi şəxsi məsələlərin həlli ilə əlaqədar fikirlər söyləndi.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq çıxışında bildirdi ki, kəndə təbii qaz xəttinin çəkilişi ilə əlaqədar müəyyən işlər görülüb. İşin sürətləndirilməsi və başa çatdırılması üçün çalışacağıq. Hesab edirəm ki, bunun üçün narahatlığa əsas yoxdur. Vaxt var idi ki, yerlərdə sakinlərlə görüşlərdə söylənən əsas arzu, istək yol, işıq, məktəb tikintisi və qaz barəsində olardı. Hazırda bunların əksəriyyəti öz həllini tapıbdır. Möhtərəm cənab Prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına rayon mərkəzindən bu kəndə 18 km məsafədə yüksək keyfiyyətli avtomobil yolu çəkilmiş, yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Kənddə elektron ATS qurulmuşdur. Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Yaxın vaxtlarda təbii qazın verilməsi də təmin olunacaqdır.
Bütün bunlar müstəqil Azərbaycanımızın banisi Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ölkəsinin hər bir vətəndaşına olan böyük diqqət və qayğısının bariz nümunəsidir. Bu gün hərtərəfli, sürətli inkişaf mərhələsində olan Azərbaycan dövləti üçün bu və digər sosial məsələlərin həllində heç bir maneə ola bilməz. Sadəcə bunlar hissə-hissə, mərhələ-mərhələ həyata keçirilir.
Bizim amalımız dünyada sülh, əmin-amanlıq, yolumuz demokratik inkişaf yoludur. Bu yolda hər birinizə müvəffəqiyyətlər, uğurlar arzulayıram. Sağ olun!
 

Keçidlər