Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir

27 sentyabr 2019 | 16:00

27 sentyabr 2019-cu il tarixdə Astara Rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilmişdir.

Konfransda iştirak edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Respublika Ağsaqqallar Şurası sədrinin müavini akademik Sudeyif İmamverdiyev, aparat rəhbəri  Yaqub Mehdiyev və digər qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoymuşlar.

Heydər Əliyev Mərkəzində keçirilən konfransa şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri və fəal üzvlər dəvət olunmuşlar.

İcra başçısı Qəzənfər Ağayev rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirmişdir.  Növbədənkənar konfransın keçirilməsi zərurətindən bəhs edilərək uzun müddət rayon Ağsaqqallar Şurasının sədri olmuş, gözəl ziyalı, ağsaqqal Hamlet Əliyevin və şuranın vəfat etdən digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Respublika Ağsaqqallar Şurası sədrinin müavini akademik Sudeyif İmamverdiyev konfransda çıxış edərək Respublikada gedən yüksək tikinti-quruculuq işlərindən danışmış, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etmişdir.  

Rayon Ağsaqqallar Şurasının idarə Heyətinin üzvü Mərasim Hacıyev konfransın gündəliyini elan edərək yığıncaqda yalnız təşkilati məsələlərə baxılacağını, gündəlikdə üç məsələnin - rayon Ağsaqqallar Şurasının yeni tərkibinin, Ağsaqqallar Şurası idarə heyətinin yeni tərkibinin və Ağsaqqallar Şurasının sədr və müavinlərinin seçilməsinin müzakirə ediləcəyini diqqətə çatdırmışdır.

Məsələlər ardıcıl müzakirə olunaraq iştirakçıların təklifləri əsasında 21 nəfərdən ibarət rayon Ağsaqqallar Şurasının yeni tərkibi,  9 nəfərdən ibarət Ağsaqqallar Şurasının idarə heyəti seçilmişdir.

Konfrans iştirakçılarının təklifi ilə Rzayev Gülağa Pilağa oğlu rayon Ağsaqqallar Şurasının sədri, İbadov Natiq Nəhmət oğlu və Əliyev Ələskər  Məhərrəməli oğlu Rayon Ağsaqqallar Şurası sədrinin müavinləri seçilmişlər.

Konfransda iştirak edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon Ağsaqqallar Şurasının yeni tərkibini təbrik etmiş, qeyd etmişdir ki, rayona icra başçısı təyin olunanda ilk dəfə ağsaqqallarla görüşüb arzu və təkliflərini dinləmiş, xeyir-dualarını almışam. Bütün fəaliyyətim dövründə də ağsaqqallarımızın dəyərli məsləhətlərinə həmişə xüsusi önəm vermişəm. Yerlərdə əhali ilə keçirdiyimiz görüşlərdə də həmişə sizi dinləyir, fikir mübadiləsi aparırıq. Bu gün rayon Ağsaqqallar Şurasının konfransında iştirak etməyi də özümə borc bildim.

Ulu Öndərimiz Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmuşdur. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. Hər bir sahədə inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır. Azərbaycan daha da qüdrətlənir, inkişaf edir.   

Bu gün təkcə Bakı şəhəri deyil, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq ən ucqar şəhər və rayonlarımız oba-oba, kənd-kənd abadlaşaraq gülüstana çevrilir. Bunu rayonumuzun timsalında aydın görə bilərik.

 Hörmətli ağsaqqallar!

İnanıram ki, həmişə olduğu kimi bundan sonra da sizinlə əl-ələ verərək ölkəmizin çiçəklənməsi, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, məqsədlərimizə nail olacağıq. Bu yolda hamınıza uğurlar arzulayıram.

 

Keçidlər