Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2019-cu ilin doqquz ayının sosial-iqtisadi nəticələri müzakirə olunmuşdur

24 oktyabr 2019 | 16:00

Oktaybrın 24-də Astara Rayon İcra Hakimiyyətində 2019-cu ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir. Rayon icra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iclasda iştirak etmişlər.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, oktyabrın 15-də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi müşavirə keçirilmişdir. Müşavirədə geniş nitq söyləyən dövlət başçısı cari ilin doqquz ayında ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Cənab Prezident bildirmişdir ki, ölkə iqtisadiyyatının şaxələndirilmiş yolla inkişafının nəticəsi olaraq bu ilin doqquz ayında sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə edilmişdir. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olmaqla, ümumilikdə 15 faiz artmışdır ki, bu da dünya miqyasında rekord göstərici hesab oluna bilər. Son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuş, bu sahədə 7 faiz artım olmuşdur.

Hesabat dövründə ölkə başçısının imzaladığı Sərəncamlarla böyük həcmli sosial paketin icrasına başlanmış, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların təqaüdlər, maaş və məvaciblərinin artırılması ilə 4 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşmışdır. Minimum əmək pensiyası 200, minimum əməkhaqqı isə 250 manata çatdırılmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. 

Xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə dövlətimiz dünya miqyasında doqquzuncu yerdədir. Vergi və gömrük sahələrində aparılan islahatlar öz səmərəsini vermiş, bu orqanlardan doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil olmuşdur. Ölkəmizdə biznes mühitinin inkişafı üçün də əlverişli şərait yaradılmış, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında  25-ci yerdədir.

Davos Ümumdünya İqtisadi Forumu 141 ölkə arasında keçirilən tədqiqat əsasında yeni hesabat hazırlamışdır. Hesabata əsasən mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə ölkəmiz dünyada 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci, nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci, dəmir yollarının səviyyəsinə görə 34-cü, elektrik enerjisinin əlçatanlıq əmsalına görə isə 2-ci yerdə qərarlaşmışdır.

2019-cu ilin 9 ayı ərzində rayonumuzda bütün sahələrdə müsbət nəticələr qazanılmışdır. Yerli gəlirlər 6 milyon 800 min manat icra olunmaqla 128 %, xərclər isə 4 milyon 390 min manat icra olunmaqla 83 % təşkil etmişdir.

Ümumi məhsul və xidmətlərin həcmi 127 milyon manat olmuşdur ki,  bunun da əsas hissəsi kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrinin payına düşür.

Rayonda inşaat işlərinin aparılması üçün cari dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon manat məbləğində vəsait  yönəldilmişdir. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1160 manat təşkil etmişdir.

 Hesabat dövründə Kijəbə qəsəbəsinin Qəcimardə ərazisində uzunluğu 2 km olan, 150 ev təsərrüfatını suvarma suyu ilə təmin edən su xəttinin çəkilişi, Ərçivan qəsəbəsində çəltik emalı zavodunun, Motalayataq kəndində tibb məntəqəsinin, Şəmətük kəndində 20 şagird yerlik, Dolu kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binalarının və uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmışdır. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasında, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən binalarda son tamamlama işləri aparılır. “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün 120 nəfərlik tamaşaçı tutumuna malik sahəsi 714 kvadrat metr olan basketbol meydançasının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir. Hazırda rayon ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə 36 mənzilli yaşayış binasının tikintisindən ötrü hazırlıq işlərinə başlanılmışdır.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi hesabat dövründə davam etmişdir. Respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda avtoqreyderlə yol çiyinləri hamarlanmış, çınqıl materialı ilə bərkidilmiş, küvetlər təmizlənmiş, çala təmir işləri görülmüşdür.

Rayon Sukanal Sahəsi 2019-cu ilin 9 ayı ərzində su və kanalizasiya xidmətlərinə görə ödənişi 94 % yerinə yetirmişdir. Xanbulan çay su mənbəyindən götürülmüş 670 min 800 kub metr həcmində suyun 168 min 500 kub metri istehlakçılara satılmış, satış üzrə ödəniş 96% yerinə yetirilmişdir.  

Rayonun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilmiş, hazırda Bala Şahağac, Qamışoba kəndlərində su xəttinin çəkilişi davam etdirilir. Ümumilikdə bu layihədən 100 min nəfərdən çox sakin faydalanacaqdır.

Natiq qeyd etmişdir ki, Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədilə 2019-cu ilin 9 ayında 141 evin qazlaşdırılması həyata keçirilmiş, 8300 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 7 ədəd qaz tənzimləyici şkaf abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir.

Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 7900 p/m müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 209 ədəd fərdi qaz tənzimləyici abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir.

Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Bu günə kimi işığı olmayan 6 ailəni elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Sekəşan kəndində 1 ədəd 25 kVA-lıq transformator quraşdırılmış, 1.8 km məsafədə yeni10 kv-luq hava xətti çəkilərək, elektrik enerjisinin verilişinə başlanılmışdır. Həmçinin ölkə başçısının müvafiq sərəncamı ilə Diqo-Avyarud və Dolu kəndlərinin elektrik təchizatının yaxşılaşdırılmasından ötrü ayrılan vəsait nəticəsində bu kəndlərdə elektrik xəttinin çəkilişi davam edir. Eyni zamanda Şuvi kəndində 1 ədəd 100 kVA-lıq transformator, Vovada kəndində isə 1 ədəd 63 kVA-lıq transformator quraşdırılmışdır.  

Ərçivan qəsəbəsində kabelləşmə işlərinin aparılması məqsədi ilə 646 ədəd dayaq basdırılmış, 21 min 718 metr kabel çəkilərək bərkidilmişdir. Astara şəhərində açıq hava xətlərinin yeni SİP kabellə əvəz olunması işləri davam edir. 

2019-cu ilin 9 ayı ərzində rabitə qovşağının tarif gəliri 851 min manat, əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi isə 699 min manat olmuşdur.   

Hesabat dövründə Astara Poçt Filialının tarif gəliri proqnozu 346 min manat və ya  96 % icra edilmişdir. Poçt Filialı 1 milyon 540 min manat elektrik enerji haqlarını, 1 milyon 500 min manat qaz pullarını vətəndaşlardan qəbul edib “Azərpoçt” MMC-nin hesabına köçürmüşdür.

Əhalinin sosial müdafiəsi məsələləri diqqətdə saxlanılmış, şəhid ailələrinə Prezident təqaüdünün, fəxri ad almış vətəndaşlara və cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə təqaüdün və birdəfəlik müavinətin ödənilməsi təmin edilmişdir. 9 ay ərzində hərəkətdə olan sosial müavinət alanların sayı 7484 nəfər, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı isə 472 olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması məqsədi ilə bir çox işlər görülmüşdür. Cari ildə 1 şəhid ailəsi mənzillə təmin edilmiş, 5 şəhid ailəsi və 5 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.  

Rayon  Məşğulluq  Mərkəzində 1100 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Ötən müddət ərzində mərkəzə iş üçün müraciət edənlərin 750 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. İşsizlik statusu almış vətəndaşların sayı 261 nəfər olmuşdur. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 112 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onların özünüməşğulluğu təmin edilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində 9 ay ərzində 1425 yeni iş yeri açılmışdır ki, bunun da 828-i daimi iş yerləridir. 

Hesabat dövründə rayon Təhsil Şöbəsində də müəyyən işlər görülmüşdür. Rayonun əksər məktəbləri kompüter avadanlıqları və digər tədris ləvazimatları ilə təmin edilmişdir. Buraxılış imtahanlarının nəticələrinə görə IX siniflər üzrə 1195 nəfər ümumi orta təhsil haqqında, 717 nəfər tam orta təhsil səviyyəsi üzrə attestat almış, 258 məzun ali məktəblərə daxil olmuşdur. 

Mərkəzi Xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş, xəstələrin yüksək səviyyədə müayinə və müalicəsi, tibb işçilərinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. 2019-cu ilin 9 ayı ərzində Astara rayon Mərkəzi Xəstəxanası və tabeliyində olan səhiyyə müəssisələri tərəfindən tədbirlər planında nəzərdə tutulmuş tibbi müayinə işləri həyata keçirilmişdir. Bakı şəhərindən dəvət olunmuş mütəxəssislər tərəfindən  200 nəfərin neyrocərrahi, 100-dən artıq uşağın kardioloji müayinəsi aparılmış, müalicələr təyin olunmuşdur. Kadr hazırlığına xüsusi yer ayrılmış, hər il mütəxəssislər peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə respublikamızın ən tanınmış tibb müəssisələrinə göndərilir, ixtisasartırma kurslarında iştirak edirlər. 

Rayonda aqrar sahənin inkişafına da diqqət artırılmışdır. Payız əkinləri aparılması üçün 405 hektar sahədə şum işləri həyata keçirilmişdir.

Rayon üzrə 420 hektar taxıl, 237 hektar sahədə çəltik əkini olmuşdur. Çəltik sahələrindən 928 ton məhsul yığılmış, rayon üzrə orta məhsuldarlıq 39.2 sentner olmuşdur. Son illərdə rayonda sitrus meyvələrinin istehsalına diqqət artmış, sitrus bağlarının ümumi sahəsi 4000 hektara çatdırılmışdır. Hazırda rayonun fermerləri və fərdi təsərrüfat sahibləri sitrus meyvələrinin yığımına başlamışlar. Rayonda ixtisaslaşdırılmış sahələrdən biri də çayçılıqdır. Mövcud 345 hektar çay sahəsinin məhsuldar olan 197 hektarından bu il 417 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmiş, yığım yekunlaşmaq üzrədir.

2019-cu ildə rayon üzrə cəmi 3185 hektar olmaqla 1100 hektar kartof, 460 hektar soğan, 352 hektar xiyar, 474 hektar pomidor, 30 hektar kələm, 440 hektar bostan bitkiləri, 200 hektar sahədə qarğıdalı 130 hektar sahədə yeni yonca əkini olmuşdur.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 40 min baş iri, 21 min baş xırda buynuzlu, 1036 baş təkdırnaqlı, 200 min başdan çox ev quşları, 18300 arı ailəsi vardır. 3000 ton diri çəkidə ət,  20 min 500 ton süd  istehsal olunmuşdur.

May ayında Qax rayonundan 100 qutu barama qurdu gətirilərək kümçülərə paylanılmış, 1262 kq barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilmişdir. 

Əkin sahələrini müntəzəm suvarma suyu ilə təmin etmək üçün kanallar təmizlənmiş, əlavə kanallar qazılmış, suyu sahəyə qaldırmaq üçün torpaq bəndlər vurulmuşdur. Sel sularının axıdılması və çaylardan götürülən suvarma suyunu əkinçilərə vaxtında çatdırılması məqsədi ilə ilin əvvəlindən başlayaraq suvarma, suötürücü kanallarda, kollektor-drenaj şəbəkələrində mexanizmlərlə lildən təmizlənmə işlərinə başlanılmış, kanallar işlək vəziyyətə gətirilmişdir. Çaylarda sel sularından mühafizə tədbirlərini həyata keçirtmək məqsədi ilə 2019-cu ilin 9 ayı ərzində Pensərçayda 765 paqon metr, Astaraçayda isə 90 paqon metr sahilbərkitmə işləri aparılmışdır.

Suvarma mövsümündə əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün vurulmuş 150-dən çox bəndlərin açılmasına başlanılmış, qısa müddətdə bənd açma işləri başa çatdırılacaqdır.

Astara meşəbəyliyində 2019-cu ilin 9 ayında 13 hektar sahədə meşə meyvə bağları salınmışdır. Yeni şitillik sahələri salınmaq üçün 1 ha böyütmə sahəsi və 0.20 ha tinglik sahəsi yaradılmışdır. 

Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər. Ölkə Prezidenti tərəfindən 2019-cu ilin “Nəsimi” ili elan edilməsi ilə əlaqədar rayonun ayrı-ayrı yaşayış məntəqələrində gənclərin, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə vaxtaşırı tədbirlər keçirilmişdir.

Gənclər və İdman İdarəsinin 2019-cu ilin 9 ayı ərzində keçirdiyi 77 tədbirdə 6 min nəfərdən çox gənc və idmançı iştirak etmişdir. 

“Azərbaycan gəncliyi 2017-2021–ci illərdə Dövlət Proqramı”nın icrasının təmin edilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və orduya hazırlığı məqsədilə “Şahin”, “Sərhəd”, “Gənc xilasedici və yanğınsöndürən” hərbi idman oyunları keçirilmişdir. 

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.

Natiq sonda bildirmişdir ki, rayon icra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var qüvvələrini  səfərbər edəcəkdir.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev,  Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balakişi Rəhmanov, Astara Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov və başqaları müşavirədə çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet olan məsələlər gündəmdədir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ölkə başçısının yaratmış olduğu imkanlardan səmərəli istifadə hər birimiz üçün ən ümdə vəzifə olmalıdır. Rayonda müxtəlif sahələrdə qazanılan nailiyyətlər sevindiricidir. Lakin bununla kifayətlənməməli, daha yüksək hədəflərə çatmaq üçün bütün qüvvələr səfərbər edilməlidir. Əhaliyə daha keyfiyyətli xidmət göstərmək üçün əsasən xidmət təşkilatları – elektrik şəbəkəsi, qaz istismar sahəsi, telekommunikasiya qovşağının rəhbərliyi kollektivin işgüzarlığını artırmalı, qarşıdan gələn payız-qış mövsümündə əhaliyə fasiləsiz qaz, elektrik enerjisi və  rabitə xidmətinin göstərilməsi üçün bütün vasitələrdən istifadə etməlidirlər.

Gənclərlə aparılan işlərin keyfiyyəti yaxşılaşdırılmalı, onların vətənpərvərlik tərbiyəsinə diqqət artırılmalı, narkomaniya, narkotik vasitələrdən istifadə və digər zərərli vərdişlərdən qorumaq üçün təhsil müəssisələrində, nümayəndəliklərdə aidiyyəti orqanlarla birlikdə keçirilən maarifləndirici tədbirlər müntəzəm olaraq keçirilməlidir. Həyata keçirilən mühüm dövlət tədbirlərinin mahiyyəti, ölkəmizin yüksək inkişafı, cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasətin bu günkü parlaq nəticələri, gələcək səmərəsi barədə əhalinin maariflədirilməsi işi gücləndirilməlidir. Bu inkişafı görməyən, özünü müxalifət adlandıran radikal, aqresiv ünsürlərin, xaricdən maliyyələşən, ölkəni qarışdırmaq istəyən vətən xainlərinin ifşası ilə əlaqədar tədbirlər görülməli, əhali davamlı olaraq maarifləndirilməlidir.

Qarşıdan mühüm siyasi kompaniya olan bələdiyyə seçkiləri gəlir. Seçki məntəqələrinin hazırlanması işləri normal aparılıb. Amma bir daha diqqət yetirilməli, seçicilərin məntəqlərə gəlib rahat səs verməsi, öz iradəsinə uyğun seçim etməsi, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazım olan digər zəruri tədbirlər görülməlidir. 

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strateqiyası, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə davam etdikcə, müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir, güclənir. Bu əlbəttə ki, bizi çox sevindirir. Ona görə də cənab Prezidentimizin ətrafında sıx birləşməli, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumalı və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməliyik.

 

Keçidlər