Astara məktəbliləri ölkəmizin Şimal-Qərb bölgəsinə yola düşüblər
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın növbəti mərhələsinə start verilib.
Astara şəhəri Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə təşkil olunmuş görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxış edərək məktəblilərə uğurlar arzulamış, bu aksiyaların ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaratdığını bildirmişdir.
Tədbirdə şagirdlər üçün xüsusi hazırlanmış geyimlər onlara paylanmışdır.
Noyabrın 13-də səhər tezdən tur-aksiyanın ”Qəbələ-Şəki-Zaqatala” marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində iştirak edənlər məktəblilərə yaxşı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaqda məktəblilər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qrupun rəhbəri Asiman Qasımlı səfər proqramının zəngin və şagirdlər üçün maraqlı olduğunu bildirərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları -Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Qəbələ şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Şəki şəhərinin, Qəbələ və Zaqatala rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Məktəblilər Şəkidə Heydər Əliyev Mərkəzi, Şəki Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi ilə tanış olacaq, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə, “Sənətkarlar məhəlləsi”nə ekskursiya edəcək, Zaqatalada Kiş kəndində yerləşən qədim Alban məbədi ilə, Heydər Əliyev Mərkəzi, Heydər Parkı, Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Fındıq Emalı Zavodu ilə tanış olacaq, Qəbələ rayonunda Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, ”Qəbələlənd” İstirahət Mərkəzinə, “Beltmann” Piano Zavoduna, “Tufandağ” Xizəkçilik Kompleksinə, Qəbələ Konserv Zavoduna, Nic kəndindəki qədim Alban məbədinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiya edəcəklər. Məktəblilər həmçinin, müxtəlif intellektual oyunlarda bilik və bacarıqlarını sınayacaqlar.”
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları -Astara şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zeynəb Məmmədova və şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Şahmar Kazımlı sevinclərini bölüşərək qeyd etmişlər ki, “Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyindəndir. Şəki şəhəri, Qəbələ və Zaqatala rayonlarının qədim tarixi, adət və ənənələri, mədəniyyət və incəsənəti bütün dünyada məşhurdur. Bütün bunları görmək bizə də nəsib olacaq. Məktəblilər üçün bu imkanı yaradan dövlətimizin başçısına “Çox sag olun!” deyirik.”
Sonra Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə aksiya iştirakçılarını Qəbələyə aparan avtobus yola düşdü.