Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şağlazüzə kəndində əhali ilə görüş

21 noyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbul-görüşün ünvanı Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Şağlazüzə kəndi olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxışlarında son illər respublikada və rayonda geniş vüsət alan quruculuq-abadlıq işləri və sosial layihələrdən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən bu dövlət tədbirlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda tez-tez yaşadıqları ərazidə səyyar qəbullar keçirdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edərək qazlaşmayan məhəllənin qazlaşdırılmasına, 800 metr yolun asfalt olunmasına, əlavə telefon nömrələrinin verilməsinə, sitrus ağacları üçün dərman satış məntəqəsinin yaradılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir. Bildirmişdir ki, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik çoxlu yaşayış məntəqələrindən ibarət olmasına baxmayaraq burada son illər xeyli iş görülmüşdür. Şağlazüzə kəndində də yeni məktəb binası tikilmiş, kənd yolu asfaltlaşdırılmış, əhaliyə təbii qazın verilməsi təmin edilmiş, sahilbərkitmə işləri aparılmışdır. Əslində baxanda problemli bir məsələ qalmamış, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazım olan əsas işlər görülüb başa çatdırılmışdır.

Ümumiyyətlə, təkcə Şağlazüzə kəndində deyil, rayonumuzun digər qəsəbə və kəndlərində də son illər əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş və görülməkdədir. Hazırda ən ucqar dağ kəndləri olan Dolu, Diqo və bu istiqamətdə yerləşən digər bir neçə kəndə avtomobil yolları və elektrik xətti çəkilir. Hansı ki, bu kəndlərin mövcud olduqları tarixi ərzində nə yolları, nə də işığı olmamışdır.

Əhali ilə səyyar görüşlərdə sakinlərin bu barədə müraciətlərini ölkə rəhbərinə çatdırandan sonra cənab Prezident bu məsələlərin həlli ilə əlaqədar dərhal göstərişlər verdi və hazırda bu işlər həll mərhələsindədir.

Müstəqil dövlətimiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə bu cür sosial layihələrin icrası da sürətlə həllini tapır.

Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq.

Əminliklə söyləyə bilərəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni əsirgəməməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik. Bu yolda hamınıza uğurlar arzulayıram.

Sonra rayon icra hakimiyyətinin başçısı Şağlazüzə kənd tam orta məktəbində olmuş, təhsilin keyfiyyəti ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər