Artupa kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Artupa kəndində əhali ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Sakinlər belə gözəl, abad ölkədə yaşadıqlarından məmnun olduqlarını bildirərək, rayonda, o cümlədən, Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində gündən-günə geniş vüsət alan tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.
Sakinlər kəndin mərkəzi yolunda sürət həddinə riayət edilməsi üçün tədbirlərin görülməsi və kənddə poçt filialının açılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə əhaliyə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Ölkəmizin hazırda yüksək inkişaf və tərəqqi yolunda olduğunu qeyd edərək, bu inkişafın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Artupa kəndində mühüm problemlərin həll edildiyini, ən əsası uzun illər sakinlərin əziyyət çəkdiyi avtomobil yolların asfaltlaşdırıldığını bildirərək, əslində bütün bunların keçmişin mirası olduğunu diqqətə çatdırmışdır. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn naşı adamların ölkəni fəlakətə sürüklədiklərini, əhalinin son dərəcə acınacaqlı vəziyyətə düşdüyünü, ölkədəki hərc-mərcliyin torpaqlarımızın işğalı, on minlərlə soydaşlarımızın doğma tarixi yurdlarından didərgin düşməsi ilə nəticələndiyini ürək ağrısı ilə xatırlatmışdır. İndi yenə hakimiyyətə gəlmək istəyən həmin qüvvələrin Azərbaycana ən böyük zərbə vurduqlarını, bu arzularının bir daha heç vaxt reallaşmayacağını bildirmişdir.
Cənab Prezident İlham Əliyevin xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün atdığı addımlardan danışaraq, həyata keçirdiyi məqsədyönlü tədbirlərin müstəqil dövlətimizi daha uğurlu gələcəyə qovuşduracağını əminliklə söyləmişdir.
İcra başçısı ölkə rəhbəri tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük həcmli sosial paketin icra edildiyini, bundan əksər ailələrin yararlandığını, bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulamış, cənab Prezidentinin ətrafında birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağı, gördüyü möhtəşəm işlərdə hər zaman dəstək olmağı tapşırmışdır.