Astaranın ucqar dağ kəndlərinə uzanan yol təmir olunur
Hamoşam və Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon mərkəzindən 45 km aralı olmaqla şimal-qərbdə ən ucqar yaşayış məntəqələridir. Lerik rayonu və İranla həmsərhəddirlər. May-iyun ayları bu yerlərin ən səfalı vaxtlarıdır. Dağ yamaclarında, yaşıl ormanlarda sıralanmış evlərin bağ-bağçasında zəhmətkeş insanlar yaz qayğıları ilə yaşayır.
Bu nümayəndəlikləri əhatə edən 16 kənddə 6 min nəfərə qədər əhali yaşayır ki, bunların da əsas məşğuliyyəti maldarlıq, əkinçilik və arıçılıqdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar respublikamızın ən ucqar kəndlərində də xeyli iş görülüb. 180 yerlik Toradi kənd tam orta məktəbi üçün müasir tipli yeni bina tikilib istifadəyə verilmiş, Hamoşam, Asxanakəran və Motlayataq kəndləri üçün yeni məktəb binalarının tikintisinə başlanmışdır.
Dağ kəndlərində yaşayan əhalinin sosial problemlərin sırasında həlli vacib olanı yol məsələsidir. Rayonun Rinə kəndindən başlayaraq Toradi kəndinədək uzanan yoldan bir neçə kəndin sakinləri istifadə edir. Yolun uzunluğu 30 kilometrdən çoxdur. Dağlıq ərazidə çətin keçilən bu yoldan istifadə etmək olduqca narahatlıq yaradır. Bir vaxtlar, dağlar oğlu Sovet İttifaqı Qəhrəmanı mərhum Mirzə Cəbiyevin təşəbbüsü ilə salınmış bu yollun bir hissəsində sonralar onun oğlu mərhum Aydın Cəbiyevin rəhbərliyi altında cari təmir işləri aparılıb. Uzun müddət təmir olunmadığından yağan güclü yağışlar, sel suları yolu yenidən bərbad hala salmışdır.
17 may 2012-ci il tarixdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dağ kəndlərində - Asxanakəran və Hamoşam kəndlərində əhali ilə keçirdiyi görüşlər zamanı sakinlər tərəfindən bir sıra təkliflər söylənilmiş və həmin təkliflərdən biri də yolun təmiri barədə olmuşdur. İcra başçısı Q.Ağayev əhaliyə bildirmişdir ki, verdiyiniz təklifi, arzu və xahişlərinizi nəzərə alaraq tezliklə yolda təmir işləri başlanacaq .
Verilən vəd artıq icra olunmaqdadır. Yolun təmirinə Motlayataq kəndindən başlanılmış – iki istiqamətdə Motlayataq-Asxanakaran- Hamoşam-Toradi istiqamətində və Motlayataq-Rinə istiqamətində olan yollarda qızğın iş gedir. Yolda təmir işləri daxili imkanlar hesabına və kənd sakinlərinin köməyi, yaxından iştirakı ilə aparılır. Təmir işlərinə 3 buldozer, 3 ekskovator və 6 yük maşını cəlb edilmişdir. İşə başlanan gündən yola yüzlərlə maşın çınqıl döşənmiş, su axan yerlərə borular qoyulmuşdur. Hazırda yolun təmirində qızğın iş gedir. Hər gün 3 kilometrə qədər yol təmir olunur.
Yolun təmir edilməsi dağ kəndlərində yaşayan əhalidə dərin razılıq hissi doğurmuşdur.
Asxanakəran kənd sakini müəllim Arif Əliyev öz ürək sözlərini belə ifadə etmişdir:
- Yol mədəniyyətdir, yol rahatlığın göstəricisidir. Bərbad hala düşmüş yoldan istifadə etmək həqiqətən çox çətin idi. Xüsusən qışda palçıqlı yoldan müəllimlər də, şagirdlər də çətinliklə keçib məktəbə gəlirdilər. Bu hamımızı sevindirir. Bizim üçün yaradılan bu rahatlığa görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və onun sərəncam və tapşırıqlarını yerlərdə icra edən rayon rəhbərliyinə kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Bu, dağ kəndlərində yaşayanlara böyük qayğıdır.
Hamoşam kənd sakini Davud Qasımovun dedikləri:
- Kəndimizin sakinləri yolun təmirinə başlanılmasına görə çox sevinirlər. Biz bu gün sözlə işin vəhdətinin şahidiyik. Ən ucqar yaşayış məntəqələrində aparılan bu cür yol-abadlıq işləri ölkə rəhbərinin öz vətəndaşlarına olan böyük qayğısının bariz nümunəsidir. Bu rahatlığa, diqqət və qayğıya görə ölkə rəhbərinə dərin hörmət və ehtiramımızı bildiririk.
Yolun qısa müddətdə təmir edilib başa çatdırılması qarşıya məqsəd qoyulub. Bu məqsədin reallaşacağına görülən sürətli işlər tam əminlik yaradır.