Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbəsində əhali ilə görüş

16 yanvar 2020 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Kijəbə qəsəbəsində olmuşdur. Görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.

Qəsəbə sakinləri ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın dünyada qazandığı nüfuzu ilə qürur duyduqlarını bildirmiş, insanların rifahı naminə həyata keçirilən dövlət tədbirləri və görülən tikinti-quruculuq, abadlıq işlərinə görə ölkə rəhbərinə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışmışlar.  

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri salamlayaraq bildirmişdir ki, 2019-cu ildə bütün rayonda olduğu kimi Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində də quruculuq-abadlıq işləri davam etmişdir. Səyyar qəbullarda söylədiyiniz arzu və təkliflərə əsasən mühüm problemlər həllini tapmışdır. Maşxan-Kijəbə avtomobil yolunun bir hissəsi asfaltlaşdırılmış, qəsəbə daxilində işıqlandırılma və abadlıq işləri aparılmış, əhali dayanıqlı olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunmuşdur. Abadlıq işləri bu il də davam edəcəkdir.  

Nümayəndəliyə daxil olan bütün yaşayış məntəqələri əzəldən sitrusun vətəni olub. Çox sevindiricidir ki, bu ənənə davam etdirilərək burada sitrus bağlarının sahəsi genişləndirilməkdədir. Hazırda xarici ölkələrdən gətirilmiş yeni, daha məhsuldar və şaxtaya davamlı sortların əkilməsinə üstünlük verilir. Son illər 200 hektardan çox belə bağlar salınıb. Bu çox sevindiricidir. Əkilən sitrus ağaclarına qulluq da yeni innovativ üsullarla edilərsə hər bir ağacdan 200 kiloqramdan çox məhsul əldə edə bilərsiniz. Həm də məlumat üçün bir daha xatırlayıram ki, bu ildən etibarən sitrus bağlarının hər hektarına dövlət tərəfindən 800 manat subsidiya müəyyən edilmişdir. Siz də bu şəraitdən istifadə edərək təsərrüfatlarınızı daha da genişləndirə bilərsiniz.    

Ümumiyyətlə, təkcə Kijəbə qəsəbəsində deyil, rayonumuzun digər yaşayış məntəqələrində də son illər böyük işlər görülüb. Ən ucqar kəndlərimizə asfalt yollar çəkilib. Heç vaxt yolu və işığı olmayan Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə işıq və yol çəkilir.  Bu yolların çəkilməsi ilə insanlar rahatlığa qovuşur. Bu vaxta qədər yolun olmaması üzündən min bir əzabla üzləşən əhali bu rahatlığa, abadlığa, yüksək diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlığını bildirirlər. Ucqar kəndlərdə görülən belə böyük işlər ölkənin yüksək iqtisadi gücünü göstərir. Müstəqil dövlətimiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə bu cür sosial layihələrin icrası da sürətlə həllini tapır.

Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Təəssüflə qeyd edirəm ki, bu inkişafı, tərəqqini görməyən xain qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün arada fəallaşırlar.  Amma, onların iç-üzünə bələd olan müdrik xalqımız bilir ki, özlərini müxalifət adlandıran bu şəxslər əslində bu xalqın düşmənləridir və onlara heç vaxt dəstək olmayacaq.

Əminliklə deyirəm ki, insanların yaşayışının daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni etməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik. Bu yolda hamınıza uğurlar arzulayıram.

Keçidlər