Beynəlxalq Uşaqları Müdafiə günü qeyd olunmuşdur
1 iyun Uşaqların Müdafiəsi Günü münasibəti ilə ənənəvi olaraq bütün respublika ərazisində silsilə tədbirlər təşkil edilir. Hər il fidanların bayramı ölkəmizdə müxtəlif səpgidə maraqlı tədbirlərin keçirilməsi ilə yadda qalan olur.
Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Astara rayon icra hakimiyyətinin diqqətində olmuşdur. 1 iyun tarixində Astara şəhərində Heydər Əliyev parkında yerləşən Uşaq Əyləncə Mərkəzində keçirilən tədbirdə uşaqlar üçün şirniyyat stolu təşkil edilmiş, sevinib əylənməsi üçün bütün imkanlar yaradılmışdı.
Balaca fidanlar şerlər söyləmiş, idman bacarıqlarını nümayiş etdirmişlər. Rayonun özfəaliyyət kollektivlərinin üzvləri uşaqları əyləndirərək qarşılarında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Astara rayon icra hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Natiq İbadov iştirak etmiş, bayram münasibəti ilə rayon rəhbərliyi adından uşaqları və valideynlərini təbrik etmişdir.