Astarada imtiyazlı vətəndaşlara maddi yardım və ərzaq verilmişdir.
Astara Rayon İcra Hakimiyyəti koronovirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunmasından ötrü gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Rayon İcra Hakimiyyəti tərəfindən rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən tibb heyəti və orada müalicə alan xəstələr daim diqqətdə saxlanmaqla, onlar həftədə bir gün olmaqla yemək, meyvə və digər zəruri qidalarla təmin edilir.
Həmçinin şəhid ailələri, Qarabağ, Çernobıl, Əfqanıstan əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, məcburi köçkün, tənha və imkansız ailələrin daxil olduğu 740 nəfər rayon sakininə maddi yardım göstərilmişdir.
Bundan əlavə 320 nəfər yaşı 65-dən yuxarı tənha, xəstə və aztəminatlı vətəndaşa zəruri ərzaq məhsulları evlərində onlara çatdırılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan vətəndaşlar daim diqqətdə saxlanılmaqla karantin müddəti bitənə qədər zəruri ehtiyacları ödəniləcəkdir.
Rayon İcra Hakimiyyəti tərəfindən 65 yaşdan yuxarı vətəndaşların siyahısı dəqiqləşdirilmiş, onlarla fərdi söhbətlər aparılır, şəxsi gigiyena qaydalarına diqqət yetirmələrinin vacibliyi bir daha izah edilərək Qərargahın tələblərinə əməl etmələri tövsiyə edilir.
Eyni zamanda imtiyazlı, yaşı 65-dən yuxarı olan tənha-xəstə vətəndaşlara dövlət tərəfindən pulsuz ayrılmış dərmanlar şəxsiyyət vəsiqəsi əsasında icra nümayəndələri tərəfindən Kijəbə qəsəbə sahə xəstəxanasından alınaraq onlara çatdırılır.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə RİHB-nın şəhər, qəsəbə, və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır. Eyni zamanda rayon ərazisində təlimata uyğun dezinfeksiya işləri aparılır.
Astarada koronovirusla mübarizə tədbirləri karantin müddəti bitənədək mütəmadi olaraq davam etdiriləcəkdir.