İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Ərçivan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sakinləri ilə görüşü
Ərçivan kəndi əhalisi və ərazisinə görə rayonun ən böyük kəndidir. Burada bir sıra kənd təsərrüfatı və sənaye müəssisəsi - bir un və iki düyü dəyirmanı, çörək sexi, suqablaşdırma sexi, yanacaq doldurma məntəqəsi, həmçinin mühüm əhəmiyyətli obyekt olan Astara modul elektrik stansiyası yerləşir. Əhalinin əsas məşğuliyyəti, əkinçilik, tərəvəzçilik, çəltikçilik və heyvandarlıqdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonun digər yaşayış məntəqələri ilə yanaşı Ərçivan kəndində də müəyyən işlər görülmüş, Ərçivan kənd 2 və 3 saylı tam orta məktəbləri üçün yeni bina inşa edilmiş, 1, 4 saylı tam orta məktəbləri və 1 saylı mədəniyyət evi əsaslı təmir olunmuşdur.
Son illər kənddə inşa edilən ticarət obyektləri və fərdi yaşayış evlərinin sayı xeyli artmış, abadlıq işləri geniş vüsət almışdır. Astara – Bakı magistral yol boyu köhnə dəmir torlar yeni hasarlarla əvəzlənmiş, səkilər abadlaşdırılmış, “Yanar su” bulaq kompleksi təmir olunmuşdur.
Kənd əhalisinin torpağa bağlılığı nəticəsində soğan, kartof, tərəvəz və bostan bitkilərinin istehsalı ildən-ilə artır. Bu məhsulların bolluğu bazarda qiymətlərin nisbətən aşağı olması ilə müşahidə olunur.
1 iyun 2012-ci il tarixdə Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin əhali ilə görüşündə bu barədə geniş söhbət açılmış və görüləcək işlərlə əlaqədar sakinlərin arzu və təklifləri dinlənilmişdir.
Ərçivan bələdiyyəsinin sədri R.Cəfərov Ərçivan kəndinə qəsəbə statusunun verilməsi, Ərçivan kənd 3 saylı tam orta məktəbin direktoru Azad Əzizov məktəbin istilik sisteminin yaxşılaşdırılması, Novruzəli Axundov kənddə zibillərin daşınması üçün bələdiyyənin maşın ayırması, Ərçivan kənd 2 saylı tam orta məktəbin müəllimi Qəmər Şükürova bələdiyyənin hesabına xeyir-şər məclisləri üçün çadır təşkil olunması, kənd sakini Hüseyn Həmidov kənd ərazisindən keçən suötürücü kanalların təmizlənməsi, Ərçivan çayında sahilbərkitmə işlərinin aparılması və digər məsələlər barədə arzu və təkliflərini bildirmişlər.
Söylənilən təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, icrasının təmin edilməsindən ötrü əlaqədar idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev görüşdə çıxış edərək demişdir:
Əziz dostlar!
Bu gün sizinlə görüşməyimdən məmnun oldum. Çünki görüşümüz işgüzar şəraitdə keçdi və səmərəli fikir mübadiləsi aparılması ilə yadda qaldı. Bu gün həm də Beynəlxalq Uşaqları Müdafiə günüdür. Mən gələcəyimiz olan körpə fidanları və siz valideynləri bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm, sizə xoşbəxt, firavan həyat arzulayıram.
Dünən isə orta məktəbi bitirən məzunların bayramı idi. Bu münasibətlə rayonumuzun ümumtəhsil məktəblərində maraqlı tədbirlər keçirilmişdir. Mən də ürək sözlərimi məzunlara ünvanladığım təbrikdə söyləmişəm. Bir daha müstəqil həyata vəsiqə qazanmış bu yeniyetmələri təbrik edirəm. Arzu edirəm ki, öz yüksək bilik və bacarığı, ali təhsil alması, intelekti ilə valideynlərinin və müəllimlərinin başını daim uca eləsinlər.
Bildiyiniz kimi artıq iki aya yaxındır ki, Astara rayonuna icra başçısı təyin olunmuşam. Rayonun yaşayış məntəqələrini gəzmişəm, əksər kəndlərdə əhali ilə görüşlər keçirib, arzu və təkliflərini dinləmişəm, problemlərlə yerində tanış olmuşam. İnsanların güzəranı gündən-günə yaxşılaşır, sosial problemlərin həlli istiqamətində uğurlu layihələr həyata keçirilir, möhtəşəm işlər görülür. Şəhər, qəsəbə və kəndlərimizi səliqəli, abad, insanları yüksək əhval-ruhiyyədə görəndə insanın ürəyi açılır. Ölkəmizin iqtisadi gücü artdıqca arzularımızın gerçəkləşməsi də sürətlənir. Bütün bunların təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə davam etdirilir. Bu gün biz müstəqil Azərbaycan dövlətinin dünyanın ən mühüm beynəlxalq təşkilatlarındakı mövqeyi ilə fəxr edirik. Ölkəmizin BMT kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasına sədrliyi tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qalacaqdır.
Mən sizinlə görüşə gəlməzdən qabaq bu kənd və sakinləri barədə müəyyən məlumatlarla tanışam. Alimləri, ziyalıları, idmançıları və sadə, zəhmətkeş insanları ilə seçilən Ərçivan kəndi ölkəyə, onun inkişafına həmişə öz töhfələrini vermişdir. İnanıram ki, bundan sonra da bu müsbət ənənələr davam edəcək, burda söyləndiyi kimi Vətənə, dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirəcəksiniz.
Söylənən arzu və təkliflərinizin bəzilərinin qısa müddətdə həyata keçirilməsi ilə əlaqədar tərəfimizdən tapşırıqlar veriləcək, icrası nəzarətə götürüləcəkdir. Vaxt tələb edən təkliflər isə, məsələn, kəndə qəsəbə statusunun verilməsi, Ərçivan çayında sahilbərkitmə işlərinin aparılması, məktəblərin istilik sisteminin yaxşılaşdırılması barədə təkliflərin icrası tədricən təmin ediləcəkdir.
Mən bu səmimi və işgüzar görüşə görə sizə bir daha minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bu görüşlər müntəzəm davam etdiriləcək.
Sağ olun!