Vətəndaşlar bundan sonra daha məsuliyyətli olmalıdırlar
Dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, mümkün qədər az itkilərlə bu mürəkkəb vəziyyətdən çıxmaq məqsədilə dövlətimiz ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlərin görülməsinə başlamış, bu tədbirlər hazırda davam etməkdədir. Görülmüş bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Bunlara əsaslanaraq Operativ Qərargahın qəbul etdiyi qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaqdır.
Astara rayonunda da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, ölkə başçısının və Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət olunmuşdur. Bunun nəticəsidir ki, 100 mindən artıq əhalisi olan Astarada koronavirus xəstələrinin sayı digər rayonlara nisbətən əhəmiyyətli dərəcədə azdır.
Rayon rəhbərliyi bir daha əhalinin nəzərinə çatdırır ki, vətəndaşların sağlamlığının qorunması, pandemiyanın geniş yayılmasının qarşısının alınmasından ötrü ölkə Prezidenti cənab İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunması, sosial məsafənin saxlanması, qoruyucu maska və dezinfeksiyaedici tibbi vasitələrdən istifadə edilməsi pandemiyadan qorunmağın yeganə yoludur. Rayon əhalisinə ölkə ərazisində infeksiyanın geniş yayılmasına qarşı görülən tədbirlərə dəstək olaraq zəruri tələbatlarını əvvəlcədən təmin edib şənbə və bazar günləri zərurət yaranmadığı halda maksimum dərəcədə evdə qalmaları tövsiyə olunur.
Ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər rayonun Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsindən hər bir rayon sakini nümunə götürməli, öz şəxsi məsuliyyətini dərk etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir.