Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri ilə görüşü
Kijəbə qəsəbəsinin Burzubənd kəndindən sonra qərbə, dağlara doğru uzanan dolanbac yollar Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Pəlikəş, Sım, Şümrüd, Düriyə, Ağ körpü, Lomin, Vovada, Doli, Diqo, Şəvqo, Sibiyyət və Əyyüərüd kəndlərinə haçalanır. Bu kəndlərdən rayon mərkəzinə məsafə 40 km-dir və qərb qurtaracaqda İranla həmsərhəddir. Zəngin flora və faunası, səfalı təbiəti, təmiz havası, mineral bulaqları və sərin suları ilə diqqəti çəkən Talış dağlarına sığınmış bu yaşayış məntəqələrinin ərazisi turizmin inkişafı üçün əlverişlidir. Nümayəndəliyin 1155 təsərrüfatında 6314 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, arıçılıqdır.
Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 4 tam orta, 3 ibtidai məktəb, 1 kənd sahə xəstəxanası, 2 mədəniyyət evi, 7 klub, 8 kitabxana 2 tibb məntəqəsi, və 1 poçt əhaliyə xidmət göstərir.
05 iyun tarixində Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Pəlikəş və Sım kəndlərində əhali ilə görüşərək onların arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur.
Rayon icra hakimiyyəti başçısının ayrı-ayrı yaşayış məntəqələrində müntəzəm olaraq əhali ilə görüşünü yüksək qiymətləndirən Şümrüd kənd sakini Cahangir Zülfüqarov, Sım kənd tam orta məktəbin müəllimi Zahirəddin Məmmədov, Pəlikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev, Şümrüd kənd tam orta məktəbin direktoru Məmmədhüseyn Dadaşov və başqaları rayon rəhbərliyinə minnətdarlıq etmiş, bunu ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yüksək səviyyədə icrası, diqqət və qayğısı kimi dəyərləndirmişlər.
Eyni zamanda ərazidə mövcud problemlər barədə söhbət açan Şəvqo kənd sakini Zaman Baxşıyev Şəvqo kənd ibtidai məktəbi üçün yeni binanın tikintisi, kəndin yol və işıq problemi barədə, Pəlikəş kənd sakini Xalid Eyvazov Pəlikəş-Ojakəran yolu üzərində Çükəş körpüsünün bərpası və dövlət fond torpaqlarının icarə əsasında əhaliyə bərabər bölgüsü, Məmmədhəsən Əhmədov Pəlikəş-Ojakəran yolunun əsaslı təmiri, Sım kənd sakini Mais Məmmədov elektrik xətləri və dirəklərinin dəyişdirilməsi barədə arzu və təkliflərini bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səmimi və işgüzar görüşə görə kənd sakinlərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, füsunkar təbiətin qoynunda bu dağlar qədər məğrur, qürurlu və saf insanlarla görüşməkdən çox sevindim. Bu kəndə gəlməmişdən də ərazinin əsas problemləri ilə tanış idim. Lakin sizinlə görüşüb bir daha arzu və təkliflərinizi dinləməyi özümə borc bildim və şadam ki, sizinlə görüşümüz işgüzar şəraitdə keçdi. Qeyd olunduğu kimi bu kəndlərin əsas problemi yolla bağlıdır. Ərazi dağlıq olduğu üçün yolları da çətindir. Payız-qış mövsümündə bu çətinlik bir az da artır. Bunlar bizdə də narahatlıq doğurur. İkinci belə bir çətinlik Rinə-Hamoşam yolu ilə bağlı idi. Keçən ay əhali ilə görüşdən sonra həmin yola texnika və işçi qüvvə yönəltdik. Artıq həmin yolda xeyli təmir-bərpa işi aparılmış, yüzlərlə maşın çınqıl daşınaraq yola döşənmişdir. Hazırda həmin yolda iş davam edir. Eyni qaydada bütün imkanlarımızdan maksimum istifadə etməklə bu yolda da təmir işləri apararıq. Bu işdə əlbəttə sizin də yaxından iştirakınız vacibdir. Elə etməliyik ki, ilin bütün fəsillərində yol işlək qaydada qalsın, hərəkət etmək rahat və təhlükəsiz olsun.
Elektrik təsərrüfatında olan problemlər də bəllidir. Elektrik dirəkləri və naqillər istismar müddətini başa vurubdur. Bunların yenilənməsi barədə dövlətimizin öz tədbirləri vardır və bunlar hissə-hissə həyata keçirilir. Lakin, buna baxmayaraq rayon elektrik təsərrüfatının rəhbərliyinə qəzalı vəziyyətdə olan elektrik avadanlıqlarının ilk növbədə dəyişdirilməsi üçün tapşırıq verilmişdir. Nəticədə qəzalar istisna olunmaqla əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Bu gün bütün sahələrdə sürətli inkişaf və irəliləyiş var. Ölkə rəhbəri tərəfindən əhalinin rifah halının yaxşılaşmasına yönəldilmiş proqramlar uğurla və ardıcıl olaraq həyata keçirilir. Bunu gündən-günə abadlaşan, gözəlləşən rayonumuzun, qəsəbə və kəndlərimizin timsalında aydın görə bilərik. Elə bu ən ucqar dağ kəndində bu cür müasir tipli, hər növ avadanlıqlarla təchiz olunmuş məktəb binasının tikintisi də ölkəmizin yüksək iqtisadi imkanlarına bir nümunədir. Bu inkişafın, bu tərəqqinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sadalanan digər məsələlər bu günün deyil, zaman-zaman yığılan problemlərdir. Ona görə bunların həlli üçün də müəyyən zamana ehtiyac var. Onların hissə-hissə həyata keçirilməsinə çalışacağıq.
Bu kəndlərdə daha yeni-yeni sosial obyektlər, bağçalar, xəstəxana binaları, mədəniyyət obyektləri də inşa ediləcəkdir. Ölkəmizin çiçəklənməsi, insanlarımızın azad, firavan yaşaması üçün bütün işlər görüləcəkdir. Əsas məsələ bizim birliyimizdir. İnanıram ki, həmişə olduğu kimi bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək müstəqil dövlətimizin inkişafı naminə apardığı möhtəşəm işlərdə ən yaxın köməkçiləri olacağıq. Bu işdə hamınıza uğurlar arzulayıram. Sağ olun!