Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pensər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri ilə görüşü
Pensər qədim tarixə malik olan kəndlərimizdən biridir. Bu kəndin tarixini əks etdirən bir sıra qədim mədəniyyət abidələri mövcuddur. Yüz il yaşı olan, rus-tatar məktəbi kimi fəaliyyət göstərmiş Pensər kənd 2 saylı məktəb, XIX əsrdə tikilmiş məscid, hamam binası, daha qədim tarixə malik Seyid Cəmaləddin türbəsi və digər mədəni tarixi abidələr özündə tarixin səhifələrini yaşadır. Bu kəndin yetirmələri arasında müxtəlif peşə sahibləri olan məşhur simalar olmuşdur. Vətənpərvər, dövlətçiliyimizə sədaqətli insanlar bu gün də ziyalılıq ənənələrini davam etdirirlər.
Pensər kəndi inkişafına, abadlığına görə seçilir. İcra nümayəndəliyi, bələdiyyə və əhali əl-ələ verib sosial-iqtisadi problemlərin həlli istiqamətində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün çox faydalı işlər görürlər. Uğurlar var, görüləsi işlər də az deyil.
Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin kənddə keçirdiyi səyyar qəbulda və əhali ilə görüşündə Pensər inzibati ərazi dairəsi üzrə nümayəndə Rəqibə Fərzullayeva məlumat verərək görülən işlər və qarşıda duran vəzifələrdən danışdı.
İşgüzarlıq və səmimilik şəraitində keçən görüşdə çıxış edən sakinlər açıq fikir söylədilər, təkliflər irəli sürdülər. Kənd sakini Mirzəmməd Ağayev kanalların mühafizə zolağının zəbt edilməsi, Pensər çayında sahilbərkitmə işlərinin aparılması, Pensər kənd 1 saylı tam orta məktəbin direktoru Möhübbət Əsədullayev məktəbin əsaslı təmiri, kəndin mərkəzində bankomatın quraşdırılması, Pensər kənd sahə xəstəxanasının baş həkimi Şirvan İsayev 80-ci illərdə tikilmiş xəstəxananın əsaslı təmiri, kənd sakini Ceyran İbrahimova Pensər çayı üzərində olan piyada asma körpünün təmiri, Polad Əliyev kanalların lildən təmizlənməsi barədə arzu və təkliflərini bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev görüşə gəldikləri üçün kənd sakinlərinə minnətdarlıq edərək qeyd etmişdir ki, bu kəndə gəlməmişdən qabaq da müəyyən problemlər barədə məlumatımız var idi. Eyni zamanda ötən ay Telman kənd sakinləri ilə görüşdə ərazi ilə tanış olub, müəyyən məsələlərin həlli ilə əlaqədar tapşırıqlar da vermişdim. Bununla əlaqədar müəyyən işlər görülmüşdür. Amma, kəndə gəlib sizinlə görüşməyi və mövcud problemlərlə tanış olub həlli yollarını birgə axtarmağı özümə borc bildim.
İlk növbədə qeyd etməliyəm ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Yeni məktəb binaları tikilir, yollar abadlaşdırılır, rayon Mərkəzi xəstəxananın Poliklinika şöbəsi və ictimai-yaşayış binaları əsaslı təmir olunur, rayon mərkəzində Heydər Əliyev adına olan mədəniyyət və istirahət parkı genişləndirilərək yeni dizaynla qurulur, Pensər çayında sahilbərkitmə işləri aparılır. Ərçivan çayı qazılaraq suyun sərbəst axması üçün məcrası genişləndirilir, bir neçə ərazidə suötürücü kanallar qazılıb lildən təmizlənir.
Bu cür geniş miqyasda görülən işlər yalnız yüksək iqtisadi bazası olan ölkələrdə mövcuddur. Müstəqil Azərbaycanımızın inkişaf strategiyası isə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sadaladığınız məsələləri diqqətlə dinlədik. Qeyd etməliyəm ki, müəyyən problemləri özünüz yaratmısınız. Kanalların doldurulması və mühafizə zolağının zəbt edilməsi, ətraf mühitin çirkləndirilməsi, avtomobil srücülərinin yol hərəkət qaydalarına riayət etməməsi hamımızdan asılı olan məsələlərdir. Bu neqativ halların baş verməməsi üçün əhali arasında təbliğat işi gücləndirilməli, ictimai qınaq vasitələrindən istifadə olunmalıdır. Ərazidə fəaliyyət göstərən ictimai təşkilatların – ağsaqqallar şurası, qadınlar şurası, gənclər təşkilatı, ziyalıların, dini icmaların gücü və nüfuzundan istifadə etməklə, görüşlər təşkil olunmalı, zərərli vərdişlərə son qoyulması üçün təbliğat gücləndirilməlidir.
Telman kəndinə təbii qazın çəkilməsi, elektrik təsərrüfatının yeniləşdirilməsi, məktəb və bağçanın əsaslı təmiri “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramında əksini tapan məsələlərdir ki, bunlar tədricən, hissə-hissə öz həllini tapacaqdır.
Telman kəndinin mərkəzinə və kəndin mərkəzindən Pensər sahə xəstəxanasına gedən yolun asfaltlaşdırılmasına köməklik edəcəyik.
Pensər çayı üzərində piyada körpünün əsaslı təmiri üçün də yollar axtaracağıq.
Bu kəndə sizinlə görüşə yenə gələcəyəm. Sizi əmin edirəm ki, növbəti görüşümüz zamanı bu problemlərin müəyyən qisminin öz həllini tapdığının şahidi olacaqsınız. Sağ olun!