Astarada Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilmişdir
İyunun 14-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummili Liderin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Astara rayon icra hakimiyyətinin iclas zalında elmi-praktiki konfransla davam etmişdir.
Toplantıda çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev qeyd etmişdir ki, çox da uzaq olmayan 1993-cü ilin o müdhiş iyun günlərini xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi ilahi qüvvənin sehrli gücü ilə xilas oldu, dirçəldi və inkişaf etdi. Bu ilahi qüvvə, bu sehrli güc Ümummilli Lider Heydər Əliyev cəsarəti, Heydər Əliyev qüdrəti, Heydər Əliyev dühası idi.
1993-cü ilin iyununda müstəqilliyini yenicə qazanmış Azərbaycanda baş verən hadisələr tariximizdə ağır, mürəkkəb və sınaqlı dövr sayılır. O dövrdə hakimiyyətdə olan AXC – müsavat cütlüyünün səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsi alovları güclənirdi, faktiki olaraq xaos, hərc-mərclik yaranmışdı. Gərgin vəziyyət müstəqilliyimizin itirilməsi təhlükəsini, xalqımızın faciələrlə üz-üzə dayanmasını labüd etmişdi. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər.
Belə bir dövrdə xalqımız özünə xilaskar saydığı dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı. Bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası idi.
Ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasətin nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə, Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi.
Bu gün biz qətiyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu onun ən layiqli davamçısı müdrik Prezidentimiz İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilir.
Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə Ulu Öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz. Dövlətçiliyimiz bu gün də etibarlı əllərdədir...
Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov “Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır” mövzusunda məruzə etmişdir.
Toplantıda çıxış edən Rayon mərkəzi kitabxananın direktoru Nazim Fərəməzov, Rayon Sığorta İdarəsinin müdiri İlhamə Həşimova, Kakalos İƏD üzrə nümayəndə Nəsib Əkbərov və rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmış, Ulu öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu vurğulamış, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırmışlar.
Axırda rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş rayonun bir qrup gəncinə partiya vəsiqələrini təqdim etmişdir.
Mərasim axşam saatlarında Heydər Əliyev parkında rayonun tanınmış musiqiçilərinin iştirakı ilə konsert proqramı ilə davam etmişdir.