Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası Astarada tibbi aksiya keçirib
Avqustun 26-da Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Astara rayonunun Kijoba qəsəbəsində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla tibbi aksiya keçirilib.
Mərkəzin vitreoretinal cərrahiyyə bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə xüsusi karantin rejimi davam etdiyindən bölgələrdən Bakı şəhərinə gələ bilməyən xəstələri sosial izolyasiya qaydalarına riayət olunmaqla operativ şəkildə müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və onu həll etməkdir.
Yüksək ixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobildə klinikanın həkimləri gün ərzində 89 nəfərin müayinəsini aparmış, müalicələr təyin etmiş, məsləhətlər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev müayinəyə gələn sakinlərlə görüşərək onların problemləri ilə maraqlanmış, səyyar avtomobildə yaradılmış şəraitlə tanış olmuşdur.
İcra başçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında dünyada tüğyan edən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü həyata keçirilən mühüm dövlət tədbirlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərin əhəmiyyətindən danışaraq, həyata keçirilən bütün tədbirlərin insan amilinə xidmət etdiyini bildirmişdir.
Rayon sakinləri aksiyanın təşkilatçılarına, hər zaman əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.