Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Diqo və Avyarud kəndlərində olmuşdur

03 sentyabr 2020 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Diqo və Avyarud kəndlərində  olmuş, yeni salınan avtomobil yolunda və elektrik xəttinin çəkilişində işlərin gedişi ilə tanış olmuşdur.

Mövcud olduğu tarixi ərzində avtomobil yolu və elektrik xətti olmayan rayonun Diqo, Avyarud, Dolu, Sibiyyət kəndlərində bu sosial problemlərin həlli ilə əlaqədar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamların icrası artıq həllini tapmışdır. Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən bu kəndlərə avtomobil yolu və elektrik xəttinin çəkilişi başa çatmaq üzrədir. 

Avtomobil yolları təkcə sadalanan kəndləri deyil, bu istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndini birləşdirir. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan kənd sakinləri bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirmiş, əhalinin arzu və təkliflərini dinləyərək, problemlərin həllinə köməklik göstərdiyinə görə icra başçısından razılıq etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, son illər rayonumuzun hər yerində olduğu kimi dağ kəndində də xeyli quruculuq-abadlıq işləri görülmüşdür. Deqədi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılandan sonra bir neçə məktəb binası və Pəlikəş kənd sahə xəstəxanası üçün yeni bina inşa edilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Hazırda Şəvqo kəndində modul tipli yeni məktəb binasının quraşdırılması başa çatmaq üzrədir. 

Burada olan gözəl təbiət mənzərələri insanı valeh edir. Bizə bu istiqamətdə yalnız Sım kəndində olan şəlalə bəlli idi. İndi Diqo kəndinin yaxınlığından keçən çayın üstündə bir-birindən mənzərəli daha iki şəlalənin olduğunu öyrəndik. Demək bizim dağ kəndlərində tədqiqatçılar, elm adamları  və turistlər üçün gəzməli-görməli, öyrənilməli yerlər çoxdur. Bax bu kəndlərə çəkilən avtomobil yolları ölkəmizin sakinləri və xarici qonaqlar üçün ən yaxşı vasitə olacaqdır. 

Bilirsiniz ki, hazırda bəşəriyyət üçün böyük təhlükə olan koronavirus pandemiyası dünyanı bürüyüb. Ən böyük dövlətlər də bu çarəsiz xəstəliklə mübarizədə acizdir. Bu xəstəlik həm də özünütəcrid tədbirlərinə əsaslandığına görə dünya ölkələrinin iqtisadiyyatına böyük zərbə dəyir. Lakin belə bir dövrdə ölkəmizdə sosial layihələrin icrası öz ahəngiylə davam edir.

 

 

Keçidlər