Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Asxanakəran və Hamoşam nümayəndəliklərində olmuşdur

04 sentyabr 2020 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Asxanakəran  və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində quruculuq, abadlıq işləri ilə tanış olmuşdur.

Koronavirus pandemiyası ilə əlaqədar yerlərdə əhali ilə səyyar qəbul və görüşlərin dayandırılmasına baxmayaraq, sakinlərin müraciətlərinə əsasən rayonun yaşayış məntəqələrində sosial problemlərin həlli istiqamətində işlər davam edir.

Hələ ötən əsrin 60-70-ci illərində Lerik rayonu ərazisindən Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə çəkilən elektrik xəttinin istismar müddəti başa çatdığından bu kəndlərə elektrik enerjisi verilişində yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olurdu. Problemin aradan qaldırılmasından ötrü rayon rəhbərliyi aidiyyəti qurumlarla birlikdə bu yaşayış məntəqələrinin Astara rayonundan elektrik enerjisi ilə təmin olunmasına nail olmuşdur. Bu məqsədlə Taxtanakəran kəndindən Motalayataq kəndinədək 13 kilometr uzunluğunda  yeni 10 kv-luq elektrik xəttinin çəkilişi başa çatdırılmış və elektrik enerjisinin verilişinə başlanmışdır.  

Rayon icra hakimiyyətinin köməkliyi ilə Hamoşam və Rıvadila kəndlərində Bəşərü çayı üzərində uzunluğu 12 metr, eni 4 metr olan dəmir konstruksiyalı iki avtomobil körpüsü tikilmiş, bu günlərdə istifadəyə verilmişdir.

Toradi kəndində Baba Rəsul ziyarətgahına gedən avtomobil yolunda  1200 mm-lik suötürücü boru qoyularaq 350 metrlik yolda təmir işləri aparılmış, çınqıl döşənmişdir.  

Hamoşam kəndində Yaponiya səfirliyi tərəfindən inşasına başlanmış həkim məntəqəsinin tikintisi isə hazırda davam edir.  

Kənd sakinləri bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə dərin minnətdarlıqlarını bildirmiş, əhalinin arzu və təkliflərinə əsasən problemlərin həllinə köməklik göstərdiyinə görə icra başçısından razılıq etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev koronavirus pandemiyası dövründə yaranmış çətinliklərə baxmayaraq bütün ölkədə olduğu kimi rayonumuzda da sosial layihələrin icrasının davam etdiyini bildirmişdir. Kənddə həyata keçirilən quruculuq, abadlıq işlərində iştirak edən sakinlərə minnətdarlıq etmişdir.

İcra başçısı ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsi üçün sahibkarlara, iş adamlarına dövlət tərəfindən böyük dəstəyin olduğunu, eyni zamanda, aztəminatlı ailələrin geniş sosial paketlə əhatə edildiyini qeyd etmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyin geniş yayılmasının qarşısının alındığını, bütün bunların insanların sağlamlığının qorunmasına xidmət etdiyini bildirmişdir. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti cüzi itkilərlə bu təhlükəni adlamaqdadır.

Buna baxmayaraq arxayınlaşmamalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edilməsinin vacibliyini diqqətə çatdırmışdır.

 

Keçidlər