Burzubənd kəndində yeni məktəb binasının açılışı olmuşdur
Bütün Respublikada olduğu kimi rayonumuzda da məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Yeni dərs ilində daha üç kənddə şagirdlər müasir tipli yeni binalarda dərs məşğələlərinə başlayacaqlar. Burzubənd kəndində 360 şagird yerlik ikimərtəbəli binanın inşası, Şəvqo və Xıçaso kəndlərinin hər birində isə 40 şagird yerlik modul tipli binaların quraşdırılması başa çatdırılmışdır.
Ötən ilədək Burzubənd kəndində yararsız vəziyyətə düşmüş, darısqal, köhnə məktəb binasında tədris aparılırdı. Burada dərs məşğələlərinin müasir səviyyədə təşkili mümkün olmadığı üçün pedaqoji kollektivin narahatçılığı, valideynlərin narazılığına səbəb olurdu. Yeni inşa edilərək istifadəyə verilən, hər cür inventar və avadanlıqlarla təmin olunan binada isə şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlar vardır.
Pedaqoji kollektivin, şagird və valideynlərin uzun illərdən bəri arzusunda olduğu məktəb binasının yeni dərs ilinin ilk günündə istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Əvvəllər səyyar qəbul və görüşlərdə sakinlər Burzubənd kəndində yeni məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə qısa müddət ərzində kənddə müasir tipli yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, fənn kabinetləri, kitabxana, bufet və idman zalı var. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunmuş, məktəbin həyətində geniş abadlıq işləri aparılmışdır.
Burzubənd kəndində yeni məktəb binasının inşası son illər burada həyata keçirilən çoxsaylı sosial layihələrdən biridir. Kəndə gələn avtomobil yolu asfaltlaşdırılmış, təbii qazın verilməsi təmin edilmiş, elektrik xətt təsərrüfatının təmiri istiqamətində işlər davam etdirilir. Lovayın su anbarından Burzubənd kəndinə suvarma suyunun verilməsindən ötrü burada 500 tonluq su anbarı tikilərək su xəttinin çəkilməsi ilə əlaqədar layihələndirmə aparılmış, yaxın zamanda işə başlanacaqdır.
Məktəbdə yaradılan şəraitlə tanış olan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Pandemiya dövrü olmasına baxmayaraq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Son illər təkcə Astara rayonunda əlliyə qədər yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Bu tədris ilində bu məktəblə yanaşı rayonumuzun ucqar dağ kəndləri olan Şəvqo və Xıçasoda da iki məktəb binası istifadəyə verilir. Bu kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblər üçün yeni modul tipli binalar quraşdırılmışdır.
Hazırda müəllimlər qarşısında duran ən mühüm vəzifə koronavirus pandemiyasına görə tətbiq edilən qaydalara əməl edilməklə tədrisin aparılmasıdır. Nazirlər kabineti yanında operativ qərargahın xəstəlikdən qorunmaq üçün tövsiyə və tapşırıqları barədə şagirdlər gündəlik məlumatlandırılmalı, qoyulan tələblərə qeyd-şərtsiz əməl olunmalıdır. Çətin də olsa pandemiya dövründə tədrisin bu şəkildə aparılması vacibdir.
İnanıram ki, müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan yeni məktəbdə müəllimlərimiz bu çətin işin öhdəsindən layiqincə gələcəklər.