Astarada tikinti, quraşdırma, təmizlik və abadlıq işləri geniş vüsət alır
Son illərdə bizim Astara gözəl, yaraşıqlı bir diyara çevrilmişdir. Rayonda sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı uğurla icra olunur, yeni layihələr həyata keçirilir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təşəbbüsü və rəhbərliyi altında, həmçinin rayon sakinlərinin işgüzarlığı sayəsində şəhər, qəsəbə və kəndlərdə geniş quruculuq və abadlıq işləri aparılır. Eyni zamanda icra başçısı Q.Ağayevin yerlərdə keçirdiyi görüşlər zamanı əhali tərəfindən söylənilən təkliflər və problemlər də ardıcıl olaraq həllini tapır.
Hazırda rayonda 11 yeni məktəb binası inşa olunur. Şəhər 7 saylı, Telman, Hamoşam, Asxanakaran, Motlayataq, Suparibağ, Şuvi, Siyaku, Vaqo, Şağlazüzə tam orta və Rüdəkənar ümumi orta məktəbləri üçün tikilən yeni binaların bir neçəsi qarşıdakı dərs ilində istifadəyə veriləcəkdir.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dağ kəndlərində - Asxanakəran, Hamoşam və Pəlikəş inzibati ərazi dairəsi nümayəndəliklərində əhali ilə keçirdiyi görüşlər zamanı sakinlər tərəfindən bir sıra təkliflər söylənilmiş və həmin təkliflərdən biri də yolun təmiri barədə olmuşdur. İcra başçısı Q.Ağayev əhaliyə bildirmişdir ki, verdiyiniz təklifi, arzu və xahişlərinizi nəzərə alaraq tezliklə yolda təmir işləri başlanacaq.
Verilən vəd artıq icra olunmaqdadır. Rinə -Toradi yolunda təmir işlərinə daxili imkanlar hesabına və kənd sakinlərinin köməyi, yaxından iştirakı ilə başlanılmış, 3 buldozer, 3 ekskavator və 6 yük maşınının cəlb edildiyi yola yüzlərlə maşın çınqıl döşənmiş, su axan yerlərə borular qoyulmuşdur. Hazırda yolun təmirində qızğın iş gedir və qısa müddətdə tamamlanması nəzərdə tutulmuşdur.
Yolun təmir edilməsi dağ kəndlərində yaşayan əhalidə dərin razılıq hissi doğurmuşdur.
Asxanakəran kənd sakini müəllim Arif Əliyev öz ürək sözlərini belə ifadə etmişdir:
- Yol mədəniyyətdir, yol rahatlığın göstəricisidir. Bərbad hala düşmüş yoldan istifadə etmək həqiqətən çox çətin idi. Xüsusən qışda palçıqlı yoldan müəllimlər də, şagirdlər də çətinliklə keçib məktəbə gəlirdilər. Bu hamımızı sevindirir. Bizim üçün yaradılan bu rahatlığa görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və onun sərəncam və tapşırıqlarını yerlərdə icra edən rayon rəhbərliyinə kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Bu, dağ kəndlərində yaşayanlara böyük qayğıdır.
Hamoşam kənd sakini Davud Qasımovun dedikləri:
- Kəndimizin sakinləri yolun təmirinə başlanılmasına görə çox sevinirlər. Biz bu gün sözlə işin vəhdətinin şahidiyik. Ən ucqar yaşayış məntəqələrində aparılan bu cür yol-abadlıq işləri ölkə rəhbərinin öz vətəndaşlarına olan böyük qayğısının bariz nümunəsidir. Bu rahatlığa, diqqət və qayğıya görə ölkə rəhbərinə dərin hörmət və ehtiramımızı bildiririk.
Yolun qısa müddətdə təmir edilib başa çatdırılması qarşıya məqsəd qoyulub. Bu məqsədin reallaşacağına görülən sürətli işlər tam əminlik yaradır.
Ojakəran-Pəlikəş dağ yolunun təmirinə yaxın günlərdə başlanacaqdır.
Leysan yağışlarının və sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün Astara Suvarma Sistemləri idarəsi tərəfindən vaxtında qabaqcıl tədbirlər görülür. İdarənin rəisi Habil Manafov görülən meliorativ abadlıq işləri barədə məlumat verərək bildirdi ki, Pensər çayı boyunca 300 metr uzunluğunda sahilbərkitmə işləri aparılmış, Ərçivan və Kələdəhnə çayları, Suparıbağ, Qapıçıməhəllə kəndlərindəki, şəhərin Kələdəhnə hissəsindəki, həmçinin şəhərin qərb hissəsində Giləkəran adlanan ərazidən cənuba doğru uzanan kanallar suötürücüləri, kollektor-drenaj şəbəkəsi lil və palçıqdan, kol-kosdan təmizlənmişdir. Ümumiyyətlə, bu ilin 5 ayında xırda və iri ölçülü kanallar daxil olmaqla 30 kilometr uzunluğunda kanallarda təmizlənmə işi aparılmışdır.
Astara şəhərində Azərbaycan küçəsindən Heydər Əliyev parkına daxil olan hissədə yeni fəvvarə meydanı yaradılır. Ətrafdakı səkilərə daha yaraşıqlı tavalar düzülmüşdür.
Heydər Əliyev prospektindəki ikimərtəbəli ictimai yaşayış binalarının da örtükləri təzələnmiş və hazırda həmin binaların fasadları yenilənir, zövq oxşayan hala salınır. Həmin binalarda yaşayan sakinlər razılıq dolu fikirlərini belə ifadə etdilər.
Cəbrayıl Əliyev: - Əvvəllər bizim binanın xarici görünüşü zövq oxşamırdı. Baxanda, məhəlləmizə qonaq gələndə düzü utanırdıq. Çox sağ olsunlar, binamızı gözəl hala salırlar. Mən bilirəm bütün bunlar hörmətli icra başçımız Qəzənfər müəllimin təşəbbüsü ilə həyata keçirilir. Rayon rəhbərliyinə, həmçinin kommunal təsərrüfatının burada çalışan işçilərinə binamızın sakinləri adından minnətdarlığımızı bildirirəm.
Binanın digər sakini Dilarə Məmmədova: - Astara şəhəri gözəldir, yaraşıqlıdır. Hörmətli icra başçımız şəhərimizin gözəlliyini daha da artırmaq üçün böyük işlər görür, qayğı göstərir. Yaşadığımız binanın gözəlləşdirilməsi üçün görülən işlər bizi sevindirir. Rayon rəhbərliyinə “çox sağ olun!” deyirəm.
Şəhər sakini Elçin Məmmədov ulu öndər Heydər Əliyevin adını daşıyan parkda aparılan yenidənqurma işləri, yaradılmaqda olan fəvvarə meydanı barədə razılıq dolu sözlər söylədi.
Qeyd edək ki, bu günlərdə şəhərimizin Azərbaycan küçəsi 53 saylı ictimai yaşayış binasının dam örtüyü də təzələnmişdir.
Rayon Mərkəzi Xəstəxanası poliklinika şöbəsinin yerləşdiyi binada təmir işlərinin aparılmasına, dam örtüyünün təzələnməsinə başlanılmışdır. Görülən işlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına uyğun olaraq aparılır.
Rayonda əhalinin təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonun 30-dan artıq kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur.
Digər kəndlərin də təbii qazla təmin olunması istiqamətində tədbirlər görülür. Əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilir və bu sahədə heç bir problem hiss olunmur. Yararsız hala düşmüş elektrik dirəkləri dəyişdirilir.
Astarada turizmin inkişafı üçün də vacib tədbirlər həyata keçirilir, yeni istirahət mərkəzləri yaradılır. Hər il Astaraya yay aylarında çoxlu sayda turistlər gəlir, onlar rayon ərazisindəki “Abşeron”, “Relaks ”, “Savalan”, “Şindan” və digər istirahət mərkəzlərində, Xəzər dənizi sahillərindəki çimərliklərdə vaxtlarını mənalı keçirirlər.
Rayonda turistlərin böyük marağına səbəb olan tarix-mədəniyyət abidələri də çoxdur. Gələn qonaqlar tarix diyarşünaslıq muzeyinə də baş çəkir, Astaranın dünəni və bu günü barədə məlumatlar alırlar.
Astaranın gözəlliyi, onun göz oxşayan mənzərələri barədə şairlər ürək sözlərini misralara köçürüblər, yazıçılar romanlar, hekayələr, povestlər yazıblar. Onlara ilham verən bu diyar dünənkindən qat-qat gözəldir, sabahı daha füsunkar, daha firavan həyatlı olacaq. Bunu görülməkdə olan, getdikcə geniş vüsət alan tikinti, yenidənqurma, təmizlik və abadlıq işləri bir daha sübut edir.