Qızıl və gümüş nişana layiq görülmüş məzunlarla görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev xüsusi nümunəvi attestat almaqla qızıl və gümüş nişana layiq görülmüş, respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış Tərlan Hüseynov və Zəka Əliyevlə görüşmüşdür. Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Pensər kənd lisey-məktəbin direktoru Faiq Həsənov və valideynlər iştirak etmişlər.
Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov 2019-2020-ci tədris ilinin ümumtəhsil məktəblərimiz üçün uğurlu olduğunu, 240 nəfər məzunun ali məktəblərə qəbul olunduğunu, 3 şagirdimizin Respublika Fənn Olimpiadalarında medal qazandığını, 15 şagirdin fərqlənmə attestat aldığını diqqətə çatdırmışdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev xüsusi nümunəvi attestat almaqla qızıl nişana layiq görülmüş, 638 balla Azərbaycan Tibb Universitetini seçən Tərlan Hüseynovu və gümüş nişana layiq görülmüş, 613 balla Ali Neft Məktəbini seçən Zəka Əliyevi bu yüksək uğur münasibəti ilə təbrik edərək gələcək təhsillərində müvəffəqiyyətlər arzulamışdır. İcra başçısı qeyd etmişdir ki, ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərlə hər il keçirilən ənənəvi görüşü təəssüf ki, dünyanı bürüyən pandemiya səbəbindən bu il geniş təşkil edə bilmədik. Amma mən tələbə adını qazanmış bütün məzunlarımızı, onların valideynlərini və müəllimləri təbrik edir, uğurlar arzulayıram.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirir, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni edirdi. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Bu il 30 nəfərə qədər məzunumuzun 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanması böyük nailiyyətdir. Bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edir, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi, Vətənə, dövlətə ləyaqətli övlad olmağı arzulayıram.
Tədbirdə çıxış edən valideyn Ziya Əliyev və Zaman Hüseynov gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişdir.
Tələbə adını qazanmış Tərlan Hüseynov və Zəka Əliyev çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər.
İcra başçısı təhsildə yüksək nailiyyət qazanmış hər iki məzuna Fəxri Fərman və hədiyyələr təqdim etmiş, xatirə şəkli çəkmişdir.