Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Maricel Astara Resort kompleksinin açılışı oldu

24 sentyabr 2020 | 16:00

Astara şəhərində Oxatan MMC-nin Maricel Astara Resort kompleksi istifadəyə verilmişdir. Açılış mərasimində Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun rəhbəri Florian Zenqşmid, KOB İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov iştirak etmiş və təsisçi və gənc sahibkar Samir Əlizadə tərəfindən komplekslərin indiki vəziyyəti və gələcək planları ilə tanış edilmişlər.

Hotel kompleksi Astara şəhərində dənizkənarı bulvar ərazisində yerləşir. Hotelin İran Respublikası sərhədində yerləşməsi, Lənkəran Beynəlxalq Hava Limanının 20 dəqiqəlik məsafədə olması və eyni zamanda Bakı-Astara sürət yolunun açılması regionun turizm potensialını daha da artırır.

Hotelin nömrə bazası 21 otaq və 10 villa təşkil edir – bunlar, standart, delyuks, ailəvi kateqoriyalardan ibarət nömrələrdir. Hotelin tərkibinə 2 çimərlik zonası, qapalı Amazonia uşaq əyləncə mərkəzi, açıq havada uşaq əyləncə mərkəzi, Park ərazisində yay axşamlarının maraqlı keçirilməsi üçün restoran və canlı musiqi konsert səhnəsi, Dəniz restoranı, Oxatan hotel restoranı, fitnes mərkəzi, qapalı basketbol oyun zalı, açıq havada metkartinq, atçılıq mərkəzi daxildir.

Nəzərə alsaq ki, cənub zonasının dəniz sahili əraziləri post-sovet ölkələri arasında unikallığa malik vulkanik çöküntülərdən yaranan müalicəvi qara qumla təcəssüm olunur, buranın dənizsahili turizminin inkişafı üçün geniş potensialı var. Bundan əlavə rayonun Talış dağlarının ətəklərində yerləşməsi, eyni zamanda Hirkan Milli Parkının böyük hissəsinin rayona aid olması da buranın turizm potensialını artıran əsas amillərdəndir.

Sahibkar təkcə hotel kompleksinin inkişafına deyil, eyni zamanda regiona xarakterik olan eko, aqro və qastro turizmin inkişafına da ciddi diqqət ayırdıqlarını və bunun üçün əməkdaşlıqlara hazır olduqlarını bildirmişdir.

Rayon icra hakimiyyətinin başçı Qəzənfər Ağayev çıxış edərək qonaqları salamlamış, rayonda növbəti yeni, müasir hotelin istifadəyə verilməsi münasibətilə iştirakçıları təbrik etmişdir. Qeyd etmişdir ki, son illər ölkəmizdə turizm sahəsinin dinamik inkişafı rayonumuzda da özünü qabarıq göstərir. Cənab Prezidentin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası müvəffəqiyyətlə həyata keçirilir.  Bu da böyük turizm potensialına malik rayonumuzda turizmin inkişafı üçün daha geniş imkanlar açır. Rayonun tarixi, mədəni və təbiət abidələri ilə zəngin olan, füsunkar gözəlliyə malik uzaq dağ kəndlərinin yolları asfaltlaşdırılmış, dəniz sahilində müasir dizaynla tikilmiş park-bulvar kompleksində mədəni istirahətin təşkili üçün yüksək şərait yaradılmışdır. Park-bulvarda və ətraf ərazidə kotteclərin, hotellərin tikilməsi, müasir istirahət guşələrinin salınması ilə geniş turizm şəbəkəsinin yaradılması rayona marağı artırmış, daha çox turistin cəlb edilməsinə səbəb olmuşdur.

Sevindiricidir ki, ayrı-ayrı iş adamları bu sahəyə diqqəti artırmış, investisiya qoyuluşuna başlanmışdır. Hazırda yeni kotteclər, hər cür şəraiti olan hotellər tikilir, istirahət guşələri, əyləncə yerləri salınır. Bütün bunlarla rayonumuzda daha çox turist qəbulu üçün əlavə imkanlar yaranır.

Müalicəvi əhəmiyyətli qara qumu, termal bulaqları, səfalı təbiəti, rəngarəng və özünəməxsus mətbəx mədəniyyəti olan rayonumuzda iş adamlarını, sahibkarları bundan sonra da gəlirli turizm sahəsinə investisiya qoymağa çağırırıq. Bu işlərin həyata keçirilməsi üçün rayonumuzda hər cür şərait vardır və iş adamlarına tərəfimizdən mümkün olan hər cür köməklik göstəriləcəkdir.

 

Keçidlər