03 iyul 2012-ci il tarixdə Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rayon icra hakimiyyəti başçısı cənab Q.A.Ağayevin vətəndaşlarla səyyar qəbul və görüşü oldu.
Görüşdə Suparibağ ərazi nümayəndəsi Y.Məmmədov nümayəndəlik barədə qısa məlumat verərək göstərdi ki, Suparibağ inzibati ərazisində 1 bələdiyyə vardır. Nümayəndəlikdə 5434 nəfər əhali, 1721 təsərrüfat vardır. Ərazidə 1 tam orta məktəb, 3 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 2 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 klub, 1 körpələr evi-uşaq bağçası, 3 kütləvi kitabxana, 1 poçt, 5 məscid, 1 fermer təsərrüfatı vardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Görüşdə Seləkəran ümumi orta məktəbinin direktoru Səfərəli Teymurzadə rayonda, o cümlədən ərazi nümayəndəliyində aparılan tikinti-quruculuq və abadlıq işlərinin, əhalinin sosial, maddi və məişət şəraitinin gündən-günə yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz məhəbbət və ehtiram ifadə etməklə ona dərin minnətdarlığını bildirdi. O, qeyd etdi ki, bu inkişaf və xoş güzəran üçün ölkə rəhbərinə yalnız hədsiz minnətdarlıq və təşəkkür etmək lazımdır. Biz bundan sonra da bu şən həyatın daimi olmasından ötrü Prezidentimizin ətrafında daha sıx birləşəcək, onun müdrik daxili və xarici siyasətini dəstəkləyib həyata keçirilməsi üçün var qüvvəmizi sərf edəcəyik.
Rudəkənar ümumi orta məktəbinin direktoru Rəvanə Ağayeva yeni tikilən məktəbin kənd əhalisinə və şagirdlərə ölkə rəhbərinin ən gözəl hədiyyəsi və qayğısının ifadəsi olduğunu qeyd etdi. Bu qayğı və diqqətə görə ölkə rəhbəri möhtərəm Prezidentimizə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirərək bundan sonra da şagirdlərin təlim-tərbiyəsinin təşkili sahəsində yeni-yeni uğurlar qazanacaqlarını diqqətə çatdırdı.
Suparibağ kənd tam orta məktəbinin direktoru Rahim Həsənov qeyd etdi ki, nümayəndəlikdə eyni vaxtda 2 məktəb binasının tikintisi vətəndaşlarımıza ən böyük hədiyyə olmaqla bərabər eyni zamanda gələcək təhsilimizin inkişafına göstərilən yüksək qayğıdır. Mən bütün valideynlərimiz, pedaqoji kollektivimiz və şagirdlərimiz adından hörmətli Prezidentimizə və rayon İcra hakimiyyəti başçısı cənab Q.Ağayevə dərin minnətdarlıq edirəm. Suparibağ kəndi ərazisində fəaliyyət göstərən mədəniyyət evinin təmirə ehtiyacı vardır. İmkan daxilində mədəniyyət evinin təmirinə köməklik göstərilməsini xahiş edirəm.
Rudəkənar uşaq bağçasının müdiri Gülər Nəhmətova çıxışında ərazidə görülən işlərin alqışa layiq olduğunu bir daha vurğuladı. Uşaq bağçasının istilik sisteminin təmir edilməsi və bağçaya təbii qazın çəkilməsinə köməklik göstərilməsini xahiş etdi.
Qapıçıməhəllə kənd sakini, ağsaqqal Aydın Məcidov Qapıçıməhəllə-Alaşa yolunun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etdi. O, qeyd etdi ki, nümayəndəlikdə görülən işlər göz qabağındadır, ərazidə suötürücü kanalların təmizlənməsi ilə bağlı çoxlu işlər görülməsi təqdirəlayiqdir. Bunu vətəndaşlarımız yüksək qiymətləndirir, razılıqlarını bildirirlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Q.Ağayev görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, mən ərazi nümayəndəliyinin problemləri ilə tanışam. Bir neçə dəfə Suparibağ ərazi nümayəndəliyində olmuşam. Burada qeyd olunduğu kimi ərazidə ciddi problemlər yoxdur, tikinti-quruculuq və abadlıq işlərinin aparılması möhtərəm Prezidentimizin hər bir kəndə, hər bir vətəndaşa göstərdiyi hədsiz qayğı və diqqətin nəticəsidir. Çox fərəhli haldır ki, vətəndaşlarımız bunu gündəlik hiss edir və yüksək qiymətləndirirlər. Çıxışlardan məlum oldu ki, burada problemlərin əksəriyyəti öz həllini tapıb. Fasiləsiz elektrik enerjisi və təbii qazdan istifadə olunur, yollar asfaltlaşdırılmışdır. Yeni tipli ikimərtəbəli həkim məntəqəsi tikilmişdir. Bu çox diqqətə layiqdir ki, siz də bu inkişafı alqışlayır, onun gələcəkdə daha da inkişaf etdirilməsi üçün səylə çalışacağınıza söz verirsiniz. Əlbəttə, bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək qayğı və diqqətin bariz nümunəsidir.
Burada suötürücü kanalların təmizlənməsi, Qapıçıməhəllə-Alaşa yolunun təmiri, körpələr evi-uşaq bağçasına təbii qazın çəkilişi ilə əlaqədar təkliflər verildi. Verilmiş təkliflər nəzarətə götürülür, onların həll edilməsindən ötrü yaxın müddət ərzində təkliflər hazırlanacaq və icrası təmin olunacaqdır.
Hamınıza uğurlar arzulayıram.