80 yaşlı “Astara” qəzetinin yubileyi və milli mətbuatın bayramı qeyd olundu
İyulun 17-də Astara rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal rolu olan “Astara” qəzetinin 80 illik yubileyi və milli mətbuatımızın bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açmış, “Astara” qəzetinin uğurlu fəaliyyəti və tarixi haqqında geniş danışmışdır. O, qeyd etmişdir ki, qəzetin məzmununda və poliqrafik keyfiyyətində dönüş yaradılmış, bundan sonrakı fəaliyyətinin yaxşılaşdırılması, geniş oxucu kütləsinə çatdırılmasından ötrü lazımi qayğı göstərilmişdir. Cənab Q.Ağayev qəzetin kollektivini təbrik etmiş, uğurlar arzulamışdır.
“Astara” qəzetinin baş redaktoru Sakitağa Kərimov qəzetin şanlı tarixi və fəaliyyəti barədə məruzə etmişdir. O, bildirmişdir ki, qəzet 1932-ci ildən indiyədək müxtəlif adlarda –“Ostoro kolxozçi”, “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə çıxmış, hazırda “Astara” adı ilə nəşr olunur. “Astara” qəzeti milli mətbuatımızın ənənələrini daim uğurla davam etdirmiş, dövlətçiliyimizə, xalqımıza sədaqətlə xidmət etmiş, ulu öndərimiz Heydər Əliyevin, möhtərəm prezidentimiz İlham Əliyevin müdrik siyasətlərinin təbliğində fəal iştirak etmiş, rayonun həyatını dolğun işıqlandırmışdır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəzetə göstərdiyi diqqət və qayğını kollektiv yüksək qiymətləndirir və bunu ruhlandırıcı amil kimi qəbul edərək, gələcək fəaliyyətini daha da yaxşılaşdıracaqdır.
Yubiley tədbirlərində qəzetin keçmiş əməkdaşlarından AzərTacın bölgə müxbiri Bağır Əliyev, təhsil işçisi Adil Əhmədov, dövlət qulluqçusu Azər Abdullayev, hazırda qəzetin əməkdaşı olan Gülnar Əsədova təbriklərini və minnətdarlıqlarını bildirmişlər.
Axırda rayon icra hakimiyyətinin başçısı Q.Ağayev “Astara” qəzetinin indiki və keçmiş əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etmişdir.
“ASTARA”