Bayramlar ərəfəsində yaşanan sevinc
“Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli Sərəncamına əsasən şəhərin Həzi Aslanov küçəsində inşa edilmiş 36 mənzilli, dördmərtəbəli yeni yaşayış binası istifadəyə verilib.
“Elnur-2” UİKŞ tikinti şirkəti tərəfindən ötən ilin sonlarında inşasına başlanılan yaşayış binasında mənzillərin 16-sı ikiotaqlı, 12-si üçotaqlı, 8-i isə birotaqlıdır. Mənzillər içməli su, təbii qaz istilik sistemi ilə təmin olunublar.
Yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri əlamətdar hadisə və qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək bildirib ki, bu günlər Azərbaycan xalqı sevinc dolu günlər yaşayır. Diqqətə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi.
Rayon İcra Hakimiyyəti başçısı Vətən müharibəsində astaralı döyüşçülərin də qəhrəmanlıqlar göstərdiyini vurğulayaraq savaşda şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Yeni mənzil alanlar əlamətdar bayramlar ərəfəsində onlara ərmağan edilən bu gözəl töhfəyə görə xalqımıza Böyük Qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.