Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci yarımilliyinin yekunları müzakirə edilmişdir

18 iyul 2012 | 15:00

Astarada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda söylədiyi nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi və qarşıya qoyulmuş vəzifələrlə əlaqədar iyulun 17-də Astara rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın iclası keçirilmişdir.
İclası giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açmışdır.
Rayon İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov müzakirə olunan məsələlər barədə məruzə etmişdir. Məruzədə göstərilmişdir ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. İclasda Möhtərəm Prezidentin söylədiyi geniş nitqində qeyd etmişdir ki, bu ilin altı ayında ölkədə qarşıda duran bütün iqtisadi və sosial vəzifələr uğurla icra olunmuşdur. Ölkədə ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. İqtisadi siyasətimizin əsas istiqaməti olan qeyri-neft sektorunun inkişafı sevindirici olmuşdur. Altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz, əhalinin pul gəliri 14,2 faiz, kənd təsərrüfatı isə 10,4 faiz artmışdır.
Ötən altı ay ərzində sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur. Bu ilin yadda qalan əlamətlərindən biri sovet dövründən qalmış əmanətlərin, kompensasiyaların ödənilməsi olmuşdur. Azərbaycan dövləti bu əmanətlərə görə heç bir hüquqi və mənəvi məsuliyyət daşımadığı halda vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırması naminə belə bir humanist addım atmışdır.
Beynəlxalq mövqeyimiz son altı ayda daha da güclənmişdir. Azərbaycan diplomatiyasının dairəsi genişlənir, tərəfdaşlarımızın sayı artır. Bu ilin may ayında Azərbaycan tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi hadisədir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizin ədalətə və beynəlxalq hüquqa əsaslandığını bir daha bəyan etmişdir. Azərbaycanın ərazi bütövlüyü məsələləri danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Buna heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
13 mart 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza səfəri, ictimaiyyət nümayəndələri ilə səmimi və mehriban görüşü, dərin məzmunlu çıxışı uzun müddət yaddaşlardan silinməyəcək. Ölkə başçısının Astara Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş rayon mərkəzi xəstəxananın, Yeni Azərbaycan partiyasının inzibati binasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun açılışında iştirakı rayon ictimaiyyətinin qəlbində dərin qürur və sevinc duyğuları yaratmışdır. Bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayırıq. Möhtərəm Prezidentin Astara və astaralılar haqqında dediyi ürək açan xoş fikirləri hədsiz sevincimizə səbəb olmuş, verdiyi tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul etmişik.
Ölkə rəhbərinin 16 mart 2012-ci il tarixdə Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı daha bir Sərəncam imzalamağı Astaraya olan böyük sevginin, qayğı və diqqətin bariz nümunəsidir.
Rayonda ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial dönümlü obyektlərin inşa edilməsi, yeni yolların çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi 2012-ci ilin uğurlu nəticələrindəndir. Abadlıq-quruculuq işlərinin davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsaitin ayrılması bizi daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə ciddi səy göstərməyə ruhlandırmışdır.
Rayonumuza göstərdiyi böyük qayğı və diqqətə, bizə bayram sevinci bəxş etdiyinə görə möhtərəm cənab Prezident İlham Əliyevə bütün astaralılar adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Astaralılar möhtərəm cənab Prezidentimizin müdrik və uzaqgörən siyasətini ürəkdən bəyənir və onun ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə nümayiş etdirirlər.
Rayon ictimaiyyəti ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev son illər Astara rayonunda görülən işlərdən razılığını bildirmişdir. Möhtərəm Prezident Astaraya bir neçə dəfə səfər etdiyini qeyd edərək demişdir: “Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, olarkən yenilikləri görəndə çox sevinirəm. Keçən il də Astarada olmuşam... Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları ürəkdən təbrik edirəm.”
Möhtərəm cənab Prezidentimizin bu proqram çıxışını rəhbər tutaraq astaralılar bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə ciddi səy göstərəcəklər.
Astara rayonu da ölkə iqtisadiyyatının inkişafında öz layiqli yerini tutur.
Rayonun yerli gəlirləri 1 milyon 125 min manata qarşı 2 milyon 69 min manat icra olunmuş, bu da 184% təşkil edir. Yerli xərclər isə 12 milyon 896 min manata qarşı 12 milyon 825 min manat icra olunmuş, bu da 99.4 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 10 milyon 892 min manat dotasiya alınmışdır.
2012-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 0,5% artaraq 46 milyon 321 min manata çatmışdır.
Ümumi məhsul buraxılışının 61,2%-i məhsul istehsalı sahələrində, 38,8%-i isə xidmət sahəsində olmuşdur.
2012-ci ilin I yarısında rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür. Rayonda inşaat işlərinin aparılması üçün 2012-ci ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 987 min manat məbləğində vəsait yönəldilmişdir. İnvestisiyanın 1 milyon 76 min manatı, yaxud 27%-i istehsal təyinatlı obyektlərin, 2 milyon 911 min manatı, yaxud 73%-i isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 67,7%-ni təşkil edərək 2 milyon 700 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.
İlin əvvəlindən rayonda ümumi sahəsi 2760 kv.m olan 23 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Heydər Əliyev parkında YAP Astara rayon təşkilatı üçün müasir memarlıq üslubunda hazırlanmış layihə əsasında 2 mərtəbəli inzibati binanın, Heydər Əliyev prospektində Astara Vergi Terminalı üçün yeni inzibati binanın tikintisi başa çatdırılmışdır.
Heydər Əliyev prospektində 26,28,30 saylı, Azərbaycan küçəsi 22 saylı ictimai yaşayış binalarının fasadı müasir formada əsaslı təmir edilir; Azərbaycan küçəsində 53 və 118 saylı binaların dam örtüyü tamamilə dəyişdirilmişdir. Şəhərdə 10 ictimai yaşayış binasının zirzəmilərindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Heydər Əliyev Parkı genişləndirilərək yenidən qurulması və orada yeni fəvvarə quraşdırılması davam etdirilir. S.Vurğun küçəsində 2388 kv.m tamet döşənmiş, 1600 p/m bardyur düzülmüş, 1879 kv.m hörgü və suvaq işləri aparılmış, küçədə işıqlandırma sistemi quraşdırılmışdır.
Eyni zamanda Heydər Əliyev prospektdə hasarların hər iki tərəfdən ağlay daşlarla üzləşdirilməsinə başlanmışdır. Uzun müddət problem sayılan yük maşınlarının şəhərdən kənar hərəkətinin təmin olunması məqsədilə Gənclər küçəsində 750 metr məsafədə yeni yolun çəkilişi davam etdirilir. Şəhərin 5 min metrə yaxın əsas suötürücü kanalı lildən təmizlənmişdir.
2012-ci ildə quruculuq abadlıq işləri kəndlərdə də davam etdirilmişdir. Telman kəndində rayonun girişində müasir dizaynla yeni kompleksin inşasına başlanmış, hazırda tikinti işləri davam etdirilir. Telman kəndinə gedən yolun asfaltlaşdırılası üçün hazırlıq işləri görülmüşdür. Lovayın su anbarının əsalı təmiri və Pensər çayının Siyakü kəndi ərazisində sahilbərkitmə işləri davam etdirilir. Ərçivan kəndindən keçən Ərçivan çayı qazılaraq genişləndirilmiş, gələcəkdə sel sularının kəndə daşmasının qarşısı alınmışdır.
Hamoşam və Asxanakəran ərazi nümayəndəliklərində keçirilən səyyar görüş-qəbul zamanı əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq uzun illər arzusunda olduqları hər iki nümayəndəliyə gedən 30 kilometr dağlıq ərazidə olan yolun təmir edilib qaydaya salınması problemi qısa müddətdə həllini tapmışdır. Hazırda həmin yolla dağ kəndlərinə minik maşınlarının hərəkəti təmin edilmişdir. Buna görə hər iki nümayəndəliyin vətəndaşları göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını bildirmişlər.
Rayon ərazisində ümumilikdə 29500 p/m xırda və iri həcmli su kanalları təmir edilərək işlək vəziyyətə gətirilmişdir.
Rayonun Pensər, Kakalos, Kolatan, Şiyəkəran kəndlərinin qaz təchizatı bərpa edilmişdir. Sərək, Şüvi, Siyətük, Şahağac, Bala Şahağac kəndlərinin qazlaşdırılması üçün yeni aparıcı qaz xətləri çəkilmiş, hazırda bu iş davam etdirilir. Rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 11 min 101-ə çatdırılmışdır.
Əhaliyə ötən müddət ərzində 1 milyon 631 min manat dəyərində elektrik enerjisi verilmiş, bunun da 1 milyon 158 min manat vəsait yığılmışdır ki, bu da verilən elektrik enerjisinin 70%-ni təşkil edir. Əhaliyə fasiləsiz elektrik enerjisi və təbii qazın verilməsi təmin edilmişdir.
Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsi proqnoz planı 1613,8 min manata qarşı 1649,4 min manat və ya 102.2% icra etmişdir. Pensiya və müavinətlər 9 milyon 988 min manat olmaqla, tam ödənilmişdir. Əhalinin sıx yaşadığı yerlərdə 6 ədəd bankomat quraşdırılmış, bu da əmək haqqı, pensiya və müavinətlərin ödənilməsində müsbət şərait yaratmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1566 ailə ünvanlı sosial yardımı alır. Ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği 109 manat təşkil etmişdir.
Rayon Dövlət Sığorta Filialı tərəfindən 28 min 46 manat tədiyyə toplanılmışdır.
Rayon Məşğulluq Mərkəzində ötən dövr ərzində iş üçün müraciət edənlərin 109 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuş, onların da 55 nəfəri qadındır.
1 oktyabr 2003-cü ildən 1 iyul 2012-ci ilə qədər olan dövrdə rayonda 5073 iş yeri açılmışdır ki, onun da 4758-i daimi iş yeri, 315-i isə mövsümi iş yeri olmuşdur. 6 ay ərzində rayonda 182 yeni iş yeri açılmışdır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 255 min manat və ya ötən ildə olduğundan 7,8% çox rabitə xidməti göstərmişlər.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı da daim diqqət mərkəzində olmuşdur. Çayçılığı inkişaf etdirmək məqsədilə çay plantasiyalarında 120 hektar sahədə aqrotexniki qulluq işləri həyata keçirilmişdir. Çayçılıq üçün əlverişli şəraiti olan Şüvi ərazi nümayəndəliyindən 108 hektardan çox yeni çay plantasiyası salınmışdır. 2012-ci ilin birinci yığımında 183 tona yaxın yaşıl çay yarpağı yığılıb emal müəssisələrinə təhvil verilmişdir.
Sitrus və meyvə bağlarında 1350 hektar sahədə mineral və üzvi gübrələr verilmişdir.
2012-ci ilin məhsulu üçün 6884 hektar payız və yaz əkini aparılmışdır. Bu da ötən illə müqayisədə 300 hektar çoxdur.
İyul ayının 1-dək 97 hektar sahədə biçin aparılmış, 179,4 ton taxıl məhsulu yığılmışdır.
2012-ci ilin birinci yarısında diri çəkidə 1608 ton ət, 11071,6 ton süd, 2 milyon 940 min ədəd yumurta, 18,5 ton yun istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaramalların sayı 0,1 % artaraq, 45 min 760 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı 2,3% azalaraq 28 min 771 başa çatmışdır.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində olmuş, fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq istehsalçılara məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağları və mineral gübrələrin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsi məqsədilə fermer və fiziki şəxsə 67 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılmış, 846 nəfərə isə 85 min 627 manat dəyərində subsidiya hesablanmışdır.
Sahibkarlarımız Bakı şəhərinin ayrı-ayrı rayonlarındakı satış yarmarkalarında fəal iştirak etmiş, altı ay ərzində istehsal etdikləri 505 ton müxtəlif kənd təsərrüfatı məhsullarını yarmarkalarda satışa çıxarmışlar.
Rayonda yaşıllıqların salınması, mühafizəsi, yeni ağac tinglərinin əkini və onlara xidmət göstərilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik və tinglik sahələri salınmışdır.
Rayonun ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin əsaslı təmiri, tikintisi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonumuzda xeyli iş görülmüşdür.
Dövlət Proqramının icrası ilə əlaqədar ucqar dağ ərazisində 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş və şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Hazırda 360 yerlik Astara şəhər 7 saylı, 480 yerlik Şuvi, 360 yerlik Vaqo, Siyəku, Hamoşam, 220 yerlik Suparibağ,Telman, Sağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir.
Respublika Təhsil Nazirliyi və Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərində buraxılış sinif şagirdləri arasında 6 imtahan mərkəzində keçirilmiş test imtahanlarına hazırlıq işləri görülmüş və nəticədə 80% müvəffəqiyyət qazanılmışdır. Kijəbə qəsəbə orta məktəbinin müəllimi Kişiyev Azər Sabir oğlu Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmiş, qalib olmuş və 5 min manat mükafat almışdır. Şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədov Yusif Oruc oğlu fizika fənni üzrə olimpiadanın respublika turunda, Kijəbə qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Sabirzadə Samir Azər oğlu “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibi olmuş, Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Astara Pedaqoji Kollecinin əsas tədris korpusunda 24 fənn kabineti təmir edilmiş, inventar və avadanlıqlar alınmışdır. Kollecin həyətyanı sahəsində mütəmadi olaraq abadlıq və təmizlik işləri aparılmışdır.
2012-ci ilin 6 ayında səhiyyə işçiləri üçün ən böyük əlamətdar hadisə Möhtərəm Prezidentimizin rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə sərəncam imzalaması olmuşdur. Hazırda poliklinika şöbəsində təmir işləri davam edir. Bütün bunlar əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırmasına ən yüksək qayğıdır.
Mədəniyyət müəssisələri rayon və yerli əhəmiyyətli mədəni-kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsinə diqqəti artırmışlar. Mart ayının 19-da Bakı şəhərində ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etdiyi Novruz bayramı şənliklərində, 17 iyun 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Azərbaycan-doğma diyar” devizi ilə keçirilən Festivalda Kakalos mədəniyyət evinin “Əvəsor” folklor xalq kollektivi müvəffəqiyyətlə çıxış etmiş və qazandığı nailiyyətlərə görə kollektivin rəhbəri Fərbiyə Şabanova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi “medalı ilə təltif edilmişdir.
Ümummilli liderimizin həyatı və fəaliyyəti, respublikanın digər əlamətdar hadisələri ilə bağlı rayon mərkəzində tədbirlər keçirilmiş, respublikanın tanınmış incəsənət ustaları 10 minə yaxın astaralı qarşısında böyük bayram konserti ilə çıxış etmişlər.
Turizmin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə verilmişdir. Bu da rayona əvvəlki illərə nisbətən turist axının çoxalmasına səbəb olmuşdur.
Gənclər və İdman idarəsinin kollektivi gənclərin vətənpərvərlik tərbiyəsi, orduya hazırlığı, idmanın kütləviliyinin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi sahəsində müəyyən işlər görmüşdür. Gənclər Evində narkotiklərlə mübarizə günü münasibəti ilə 24 iyun 2012-ci il tarixdə “Narkotiklərə yox deyək” mövzusunda rəsm sərgisi nümayiş olunmuş və tədbir iştirakçılarını maarifləndirmək məqsədi ilə kitabça və bukletlər paylanmışdır.
Bu ilin ən mühüm idman hadisəsi rayonumuzun idman məktəbinin yetirməsi Cəbrayıl Həsənovun 2012-ci ildə London şəhərində keçiriləcək Yay Olimpiya oyunlarına lisenziya qazanması olmuşdur. Bu ilin iyun ayında respublika Şahmat Federasiyasının qərarı ilə bir həftə ərzində rayonun şahmat məktəbində 150 şahmatçı arasında respublika çempionatı keçirilmişdir.
2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş olimpiya İdman kompleksi “İdman ili”nə ən böyük hədiyyədir.
Mini futbol üzrə rayonumuzun yığma komandası Respublika qalibi adını qazandığına görə yüksək liqaya daxil edilmişdir.
Rayonda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Həzi Aslanovun şərəfinə Olimpiya İdman Kompleksində Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstan idmançılarının iştirakı ilə “Dzu-do” güləş növü üzrə ilk dəfə Beynəlxalq turnir keçirilmişdir.
Ötən müddətdə rayonda sabitlik tam təmin edilmiş, ictimai təşkilatlar və siyasi partiyalarla işin təşkili də diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği üçün məqsədyönlü ictimai-siyasi tədbirlərin təşkilinə xüsusi əhəmiyyət verilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüşdür. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.
2012-ci ilin 6 ayında rayon İcra hakimiyyətinə 1144 ərizə və şikayət qeydə alınmış, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 229 müraciət azalmışdır.
Daxil olmuş ərizə-şikayətlər xarakterinə görə əksəriyyəti torpaq, əmək, mənzil, tikinti, əhalinin sosial məsələləri, maddi yardım, sahibkarlığın inkişafı barədə olmuşdur. Yerlərdə vətəndaşlarla keçirilən səyyar qəbul və görüşlərin nəticəsidir ki, yuxarı təşkilatlardan rayon icra hakimiyyətinə daxil olmuş ərizə və şikayətlərin sayı əvvəlki illə müqayisədə 183 ədəd azalmışdır.
Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində əməli işlər görülməli, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməlidirlər.
Məruzəçi sonda bildirmişdir ki, Astara rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına nail olacaq, rayonun gündən-günə abadlaşdırılmasından ötrü bütün qüvvələri səfərbər edəcəkdir.
İclasda rayon Maliyyə idarəsinin müdiri Cavid Abbasov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, rayon Qaz İstismar Sahəsinin rəisi Zahid Rzayev, Rayon İcra Hakimiyyəti başçısının Hamoşam İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev çıxış edərək görülmüş işlər, qarşıda duran vəzifələr və problemlər barədə danışmışlar.
Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev iclasda yekun sözü söyləyərək bildirmişdir ki, 6 ayda rayonumuzda qazanılan nailiyyətlər çoxdur və görüləsi işlər də az deyil. Nöqsanlar, problemlər aradan qaldırılmalıdır. İdarə, müəssisə və təşkilatlarda işçilər arasında əmək intizamının pozulması halları müşahidə olunur. Elektrik təsərrüfatında təmir işləri sürətləndirilməli, payız-qış mövsümünə indidən ciddi hazırlıq görülməlidir. Rayonumuzun ərazisindəki çay və əsas suaparıcı kanallarda lildən təmizləmə işləri, abadlıq və yenidənqurma sahəsində görülən işlər tam başa çatdırılmalıdır. DSMF rayon şöbəsi və Əhalinin Sosial müdafiəsi mərkəzi tərəfindən vətəndaşlara pensiya və müavinətlərin ödənilməsi zamanı qanunlara düzgün riayət olunmalıdır. 2012-ci ilin “idman ili” elan olunması ilə əlaqədar rayon Gənclər və İdman idarəsi kütləvi idman yarışlarının keçirilməsini daim diqqət mərkəzində saxlamalıdır. Təhsil, səhiyyə və mədəniyyət sahələrində işlərin daha da yaxşılaşdırılması üçün əməli tədbirlər görülməlidir. Əminəm ki, birgə səyimizlə ilin ikinci yarısında da nailiyyətlərimiz çox olacaq.
 

Keçidlər