Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir

18 mart 2021 | 16:00

18 mart 2021-ci il tarixdə Astara Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.

Konfransda iştirak edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Respublika Ağsaqqallar Şurası sədrinin müavini Elmira Süleymanova əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Heydər Əliyev Mərkəzində keçirilən konfransa şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri dəvət olunmuşlar.

İcra başçısı Qəzənfər Ağayev rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirmişdir.  Konfransda Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Respublika Ağsaqqallar Şurası sədrinin müavini Elmira Süleymanova konfransda çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolundan bəhs etmişdir.  

Rayon Ağsaqqallar Şurası sədrinin müavini Natiq İbadov konfransın gündəliyini elan edərək yığıncaqda üç məsələnin - rayon Ağsaqqallar Şurasının yeni tərkibinin, idarə heyətinin, sədr və müavinlərinin seçilməsinin müzakirə ediləcəyini diqqətə çatdırmışdır.

Məsələlər ardıcıl müzakirə olunaraq iştirakçıların təklifləri əsasında 21 nəfərdən ibarət rayon Ağsaqqallar Şurasının yeni tərkibi,  5 nəfərdən ibarət Ağsaqqallar Şurasının idarə heyəti seçilmişdir.

Konfrans iştirakçılarının təklifi və yekdil səsi ilə İbadov Natiq Nəhmət oğlu rayon Ağsaqqallar Şurasının sədri, Əliyev Ərçə Fərrux oğlu və Əliyev Ələskər  Məhərrəməli oğlu sədr müavinləri seçilmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon Ağsaqqallar Şurasının yeni tərkibini təbrik etmiş, bütün fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini qeyd etmişdir. Bildirmişdir ki, Ulu Öndərimiz Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. Hər bir sahədə inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır. Azərbaycan daha da qüdrətlənir, inkişaf edir. Bunun nəticəsi idi ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq uzun illər işğalda qalan torpaqlarımızı azad etdi və  tarixi bir zəfərə imza atdı. Qəhrəman oğullarımız işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək 30 ildən sonra Azərbaycan xalqına misli görünməyən hədsiz qələbə sevinci bəxş etdilər. Bu qələbə Azərbaycan dövlətinin gücünü, cənab Prezidentimizin siyasi iradəsini və yenilməz komandan olduğunu dünyaya göstərdi.

Bu qələbənin əldə edilməsində ağsaqqallarımızın da böyük əməyi vardır. Sizin gənclərimizə aşıladığınız vətənpərvərlik tərbiyəsi, eyni zamanda ölkə rəhbəri ətrafında sıx birləşməyiniz qələbənin əldə edilməsində mühüm əhəmiyyətə malikdir.    

Hörmətli ağsaqqallar!

İnanıram ki, həmişə olduğu kimi bundan sonra da sizinlə əl-ələ verərək ölkəmizin inkişafı, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, məqsədlərimizə nail olacağıq. Bu yolda hamınıza uğurlar arzulayıram.

 

Keçidlər