Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alır
Müstəqil Azərbaycan Respublikası Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gündən günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir. Bu dəyişiklikləri doğma Astaramızın timsalında da görürük. Rayonda sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı uğurla icra olunur, yeni layihələr həyata keçirilir.
Azərbaycanın dilbər guşələrindən biri olan Astaramız təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Son vaxtlar aparılan tikinti-quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir. Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin təşəbbüsü və rəhbərliyi altında, həmçinin rayon sakinlərinin işgüzarlığı sayəsində şəhər, qəsəbə və kəndlərdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir.
Rayonun giriş qapısı olan Telman kəndində əsaslı şəkildə yenidənqurma işləri aparılır. Zəngin memarlıq üslubunda aparılan tikinti işləri rayonun girəcəyini daha da baxımlı edəcəkdir.
Şəhərin Heydər Əliyev prospektində görülən quruculuq işləri sakinlərin böyük marağına və razılığına səbəb olmuşdur. Nəqliyyat sıxlığının ciddi narahatçılıq doğurduğu mərkəzi bazarın qarşısından keçən ərazidə genişləndirmə işləri aparılmış, işıqlandırma sistemi yenidən qurulmuş, həmin ərazidə yolun birtərəfli olması təmin olunmuşdur.
Prospekti əhatə edən divarların üzlüklərinin müasir tələblərə uyğun yeniləşdirilməsi, ağlay daşlarla bəzədilməsi diqqəti cəlb edir.
Heydər Əliyev prospektində yerləşən 5 ikimərtəbəli yaşayış binanın fasad hissələri daha yaraşıqlı və zövqoxşayan formaya salınmış, Azərbaycan küçəsində yerləşən binalarda təmir işləri davam etdirilir.
Şəhərin mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının ərazisi xeyli genişləndirilmiş, yeni fəvvarə quraşdırılmışdır. Burada işıqlandırma sistemi tamamilə yeniləşdirilmiş, ətrafdakı səkilərə tamet düzülmüş, ən müasir oturacaqlarla təmin olunmuşdur.
Üçmərtəbəli inzibati binanın əsaslı təmiri və fasadın yeniləşdirilməsi işi sürətlə aparılır.
Xəzər dənizinin sahilində əvvəllər mövcud olmuş yol bərpa edilmiş, ağır tonnajlı yük maşınlarının həmin yolla hərəkəti təmin olunmuş, bununla da şəhərdaxili yolların dağılmasının qarşısı alınmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına Mərkəzi Xəstəxananın 3 mərtəbəli korpusu yenidən qurularaq əsaslı təmir olunmuş, hazırda ayrılmış əlavə vəsait hesabına xəstəxananın poliklinika şöbəsinin tikintisi davam etdirilir. Xəstəxananın 4 korpusunda və infeksion şöbəsində bir neçə briqada tikinti işləri ilə məşğuldur.
Xəstəxananın I korpusu inzibati və təcili yardım, II korpus poliklinika, III korpus Gigiyena və Epidemioloji Mərkəz və Pediatriya, IV korpus stasionar, rentgen, qəbul şöbələri üçün nəzərdə tutulmuşdur. Ayrıca ərazidə yerləşən yoluxucu xəstəliklər şöbəsinin əvvəlki binası tamamilə yenidən qurulur.
Rayonda 11 yeni məktəb binası inşa olunur ki, bunlardan 360 yerlik Şəhər 7 saylı, 220 yerlik Telman, 220 yerlik Şağlazüzə tam orta və 180 Rüdəkənar ümumi orta məktəblərinin ilin axırına kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda əhalinin təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonun 30-dan artıq kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur. Hazırda Şuvi, Sərək, Siyətük, Şovaş, Züngüləş, Sekəşan, Vəznəş, Səlivə və Deqədi kəndlərinin qazlaşdırılmasından ötrü 23 mindən çox polietilen boru, Şiyəkəran və Şahağacı kəndlərinin qazlaşdırılmasından ötrü 11 min p/m metal boru xətti çəkilmişdir.
Leysan yağışlarının və sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün Astara Suvarma Sistemləri idarəsi tərəfindən Astara şəhəri, Təngərüd, Şahağacı, Kakalos, Artupa və digər təsərrüfatlarda 45,5 km, suvarma və suötürücü kanallar təmizlənmiş, işlək vəziyyətə gətirilmişdir.
Pensərçayda Siyakü kəndi ərazisində 300 metrdən çox sahilbərkitmə işləri, Ərçivançayda 1500 metr məsafədə təmizləmə və genişləndirmə işləri aparılmışdır.
Bəli, Astaramız gündən-günə gözəlləşir. Təkcə rayonumuzda deyil, bütün bölgələrdə aparılan nəhəng tikinti və quruculuq işləri ölkə rəhbəri möhtərəm Prezidentimizin xalqımıza göstərdiyi hədsiz qayğı və diqqətinin parlaq təzahürüdür.