Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Astarada

28 aprel 2021 | 16:00

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi və xanımı Vada Reiko  Astara rayonunda olmuşdur.

Tədbirdə Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsi üzrə məsləhətçilər Haşimoto Takuma və Zakir Əliyev, “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Anar Aslanov, “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev  iştirak etmişlər.

Səfirlə görüş zamanı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycanın cənub qapısı olan Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat vermişdir.

Yaponiya hökumətinin həyata keçirdiyi layihələr çərçivəsində 2003-cü ildə Ərçivan qəsəbəsində, 2005-ci ildə Artupa kəndində yeni məktəb binalarının tikintisini, rayonda inşa edilən müasir çay fabrikində avadanlıqların quraşdırılmasında yapon mütəxəssislərin əməyini yüksək qiymətləndirmişdir. İcra başçısı bunun davamı olaraq Yaponiya hökumətinin vəsaiti hesabına “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyi tərəfindən ötən il ucqar Hamoşam kəndində, bu il isə Ojakəran kəndində tibb məntəqələrinin tikilərək istifadəyə verildiyini vurğulamış, bu nəcib əmələ görə səfir Vada Cüniçiyə minnətdarlıq etmişdir. Yaponiyadan gətirilən naringi sortlarının rayonun sitrus bağlarında geniş istifadəsini qeyd edərək, digər sahələrin, xüsusən balıqçılığın inkişaf etdirilməsində qarşılıqlı əməkdaşlığın mümkünlüyünü bildirmişdir.

Astara təbiətinin ölkəsinin təbiəti ilə oxşarlığını qeyd edən və bundan xüsusi zövq alan Yaponiyalı diplomat göstərilən diqqətə görə minnətdarlıq etmiş, dövlətinin həyata keçirdiyi Qrant Yardımı Proqramı çərçivəsində rayonda 2 yeni tibb məntəqəsinin inşa edilərək istifadəyə verilməsinə sevindiyini bildirmişdir. Bundan sonra müxtəlif sahələrdə yeni layihələrin icrası üçün atılacaq addımların xalqlar arasında dostluğa və qarşılıqlı əməkdaşlığa stimul olacağını bildirmişdir.   

Yaponiya-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün münbit şəraitin yarandığını vurğulamışlar. 

Sonra icra başçısı Qəzənfər Ağayevlə səfir Vada Cüniçi Ojakəran kəndində inşa edilən tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuş, təəssüratlarını bildirmişdir.

 

Keçidlər