Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni salınan sitrus bağında olmuşdur

05 may 2021 | 16:00

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı o cümlədən, intensiv bağçılıq təsərrüfatının yaradılması, çəltik dəyirmanın tikintisi, sitrus bağlarının salınması, çəltikçiliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, son illər fərdi təsərrüfatlardan başqa təkcə fermer və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektar intensiv subtropik və sitrus meyvə bağı salınmışdır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev belə təsərrüfatlardan biri olan, “İMANNA” MMC-nin Ərçivan qəsəbəsi ərazisində yeni saldığı sitrus meyvə bağında olmuşdur.

Tədbirdə RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi Cəbrayıl Salmanov, Ərçivan bələdiyyəsinin sədri Mehman Quliyev, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, “İMANNA” MMC-nin icraçı direktoru Nail Səmədov, Türkiyəli mütəxəssis Kazım Düşünməz və digərləri iştirak etmişlər.  

İcra başçısına məlumat verilmişdir ki, ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanmışdır. Hazırda Türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 ha sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir. Bundan başqa “İMANNA” MMC-nin rayonda sutkalıq gücü 40 ton olan çəltik dəyirmanı, 34 ha çəltik sahəsi vardır. 

İcra başçısı təsərrüfatda görülən işlərlə yerində tanış olmuş, sahibkarın problemləri ilə maraqlanmış, tövsiyələrini vermişdir. 

Qeyd etmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Dövlət Proqramının icrası ilə əlaqədar Astara rayonu üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin, əsasən subtropik və sitrus meyvə bağlarının sahəsi son illər xeyli genişləndirilmiş, yeni bağlar salınmışdır. Sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri də fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi və subsidiyaların tətbiq edilməsidir. Təkcə ötən il fermer və sahibkarlara güzəştli şərtlərlə 350 ton gübrə verilmiş, 483 min 261 manat sübsidiya ödənilmişdir.

Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilmiş, yeni subsidiya mexanizminin tətbiqinə başlanmışdır. Yeni qaydalara əsasən 2021-ci ildə salınacaq yeni intensiv limon bağlarının hər hektarı üçün 11000 manat,  portağal və naringi bağlarına  9000 manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulmuşdur. Bu bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunun bariz nümunəsidir.

Əhali arasında yeni subsidiya qaydaları təbliğ edilməli, yeni innovativ üsullarla salınmış bağların məhsuldarlığı və digər üstün cəhətləri izah edilməli və əyani göstərilməlidir.

 

 

 

Keçidlər