Astarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilmişdir
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində hər il Astarada silsilə tədbirlər keçirilir. COVİD-19 pandemiyası ilə əlaqədar bu ilki tədbirlərin onlayn qaydada keçirilməsi zərurəti yaranmışdır.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir” mövzusunda keçirilən onlayn elmi praktiki konfransda rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin fəal nümayəndələri qoşulmuşlar. Tədbirdə Ulu Öndərin fəaliyyəti, Astaraya səfərləri, respublikanın və rayonumuzun həyatında mühüm rolu haqqında danışılmış, ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən, Astaraya və astaralılara yüksək diqqət və qayğısından bəhs edilmişdir.
Qeyd edilmişdir ki, Heydər Əliyev xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən siyasi məktəb yadigar qoymuşdur. Bu siyasi məktəbin yetirməsi, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Bunun bariz nümunəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini qürurla xalqa çatdıran cənab Prezidentin “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” kəlməsi xatırlanmışdır.
İnamla qeyd edilmişdir ki, Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.