Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Miki kənd sakinləri ilə görüşü
Dağlara doğru uzanan dolanbac yollar Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəliyin kəndlərinə, o cümlədən dağların qoynuna sığınmış Miki kəndinə haçalanır. Bu kəndlərdən rayon mərkəzinə məsafə 20-30 km-dir. Zəngin flora və faunası, səfalı təbiəti, təmiz havası və sərin suları ilə diqqəti çəkir. Miki kəndinin 236 təsərrüfatında 1039 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, arıçılıqdır.
30 avqust tarixində Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Miki kənd sakinləri ilə görüşərək onların arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur.
Rayon icra hakimiyyəti başçısının bu ucqar dağ kəndində əhali ilə görüşünü yüksək qiymətləndirən ərazi nümayəndəsi X.Zahirov kənd sakinləri adından rayon rəhbərliyinə minnətdarlıq etmiş, bunu ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yüksək səviyyədə icrası, diqqət və qayğısı kimi dəyərləndirmişdir.
Ərazidə mövcud problemlər barədə söhbət açan Miki kənd sakini Şahmirzə Nəsirov kənddəki elektrik dirəkləri və naqillərinin istismara yararsız olması, Şəmsəddin Talıbov Siyaku-Miki yolunun əsaslı təmiri və asfaltlaşdırılması, Simuzər Lələyeva Miki kəndində olan piyada körpünün təmiri, Xanağa Hüseynov Miki kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi barədə arzu və təkliflərini bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səmimi və işgüzar görüşə görə kənd sakinlərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, füsunkar təbiətin qoynunda bu dağlar qədər məğrur, qürurlu və saf insanlarla görüşməkdən çox sevindim. Bu kəndə gəlməmişdən əvvəl kəndin əsas problemləri ilə tanışam. Lakin sizinlə görüşüb bir daha arzu və təkliflərinizi dinləməyi özümə borc bildim və şadam ki, sizinlə görüşümüz işgüzar şəraitdə keçdi. Qeyd olunduğu kimi bu kəndlərin əsas problemi yolla bağlıdır. Ərazi dağlıq olduğu üçün yolları da çətindir. Əlbəttə, problemlər var. Əsas odur ki, Siyaku-Miki yolunun asfaltlaşdırılması proqramda vardır. Şübhəsiz ki, zamanı gələndə bu problem həllini tapacaqdır. İnanıram ki, yolun çəkilişi başa çatdıqdan sonra bu sevinci sizinlə bir yerdə qeyd edəcəyik.
Elektrik təsərrüfatında olan problemlər də bəllidir. Elektrik dirəkləri və naqillər istismar müddətini başa vurubdur. Bunların yenilənməsi hissə-hissə həyata keçiriləcəkdir. Verilən enerjinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün günü sabah bu kənddə əlavə transformatorun quraşdırılmasına tapşırıq verirəm. Yəqin xatırlayırsınız, yaxın keçmişdə sutkada yalnız 6-8 saat enerji verilirdisə, indi fasiləsiz 24 saat enerji ala bilirsiniz. Bu da gündəlik inkişafdan irəli gəlir. Burada səslənən digər arzu və təkliflərinizin icrası ilə əlaqədar müvafiq tapşırıqlar veriləcəkdir.
Ölkəmiz gündən-günə inkişaf edir. Kəndlərimizdə əhalinin maddi rifah halı, ümumilikdə sosial vəziyyətləri yaxşılaşır. Bunu siz öz gündəlik həyatınızda hiss edirsiniz. Bu inkişafın, bu tərəqqinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz hamımız möhtərəm Prezidentimizə dayaq olmalı, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəallıq göstərməliyik.
Rayonumuzun və kəndlərimizin abadlaşdırılması, vətəndaşlarımızın rahatlığını təmin etmək naminə hamınıza uğurlar arzulayıram. Sağ olun!