Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kəndində “Zəfər guşəsi”ni ziyarət etmişdir

17 may 2021 | 16:00

6 min nəfər əhalinin yaşadığı, 6 kəndi əhatə edən Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi birinci Qarabağ müharibəsində 5, ikinci Qarabağ müharibəsində 12 nəfər şəhid vermişdir.

 Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kəndində şəhidlərin xatirəsinə ucaldılmış “Zəfər guşəsi”ni ziyarət etmiş, kompleksin önünə qərənfillər düzmüş, şəhidlərin xatirələrini ehtiramla yad etmişdir. 

İcra başçısına məlumat verilmişdir ki, xatirə kompleksi kənd ziyalıları və fəal gənclərin təşəbbüsü, imkanlı iş adamlarının maddi dəstəyi ilə tikilmişdir.

İcra başçısı bu nəcib təşəbbüsə görə kənd sakinlərinə təşəkkür etmiş, minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, qəhrəman oğullarımız birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Vətən müharibəsi günlərində qəhrəman oğullarımız sinəsini torpağa sipər edəndə, arxa cəbhədə istər Azərbaycanda, istərsə də xaricdə, dünyanın müxtəlif ölkələrində yaşayan xalqımızın nümayəndələri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciətlər edərək hər bir çağırışına hər an hazır olduqlarını söyləməklə, birlik  nümayiş etdirdilər.

Bu birliyin, rəhbərə yüksək inamın və sədaqətin, Vətən sevgisinin nəticəsi idi ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək zəfər tarixi yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı müzəffər ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı. Bu tarixi qələbənin əldə edilməsində rayonumuzun qanları ilə tarix yazan qəhrəman oğullarının da misilsiz əməyi vardır.

Yaşadığımız bu sevincli günlər üçün qəhrəman şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən Vətənin müdafiəsinə qalxdılar. Canlarını fəda edərək, xalqımıza böyük qələbə sevincini yaşatdılar. 30 illik həsrətə son qoyaraq şanlı bayrağımızı işğaldan azad etdikləri bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail oldular. Erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin qisasını aldılar.

Uzun illərdən sonra mayın 12-13-də qədim Şuşamızda cənab Prezidentin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xarı bülbül” musiqi festivalının keçirilməsi bizdə böyük iftixar hissi oyatdı. Cənab Prezidentin dediyi kimi biz tarixi torpaqlarımıza əbədi olaraq qayıtmışıq. Bir daha düşmən ayağı bu torpaqlara dəyməyəcək. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, qəhrəman övladlar böyütdüyünə görə şəhid valideynlərinə dərin hörmət və ehtiramımı bildirirəm.

İcra başçısı Astara şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən “Şəhidlərin Xatirə Kompleksi”nin və qələbəmizin şərəfinə salınan “Zəfər parkı”nın  sakinlərimizin əbədi and yeri olacağını, daim ziyarət edilərək şəhidlərin xatirəsinin ehtiramla yad ediləcəyini bildirmişdir.  

Kənd Ağsaqqallar Şurasının sədri Əkrəm Həsənov, Ramiz Hacıyev, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova çıxış edərək siyasi iradəsi,  hərbi şücaəti, cəsarəti ilə düşməni sarsıdan, erməni işğalına son qoyaraq doğma Azərbaycanın xəritəsini bütövləşdirən ölkə Prezidenti cənab İlham Əliyevə xalqımıza qələbə sevincini yaşatdığına görə sonsuz minnətdarlıq etmişlər.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məhv edərək müqəddəs torpaqlarımızdan təmizləyən, Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, şəhid məzarlarının, onların xatirəsinə ucaldılan hər bir abidənin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulamışlar.    

 

 

Keçidlər