Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Peter Kaufman Astarada olmuşdur

19 may 2021 | 16:00

19 may 2021-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin İqtisadi Departamentinin əməkdaşı Peter Kaufman Astara rayonunda səfərdə olmuş və RİH-nin başçısı cənab Qəzənfər Ağayevlə görüşmüşdür.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlamış, Astara rayonunun sosial-iqtisadi inkişafı, turizmi, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti haqqında geniş və ətraflı məlumat vermişdir.

İcra başçısı qonağı maraqlandıran sualları cavablandırmış, Astaranın sərhəd rayonu kimi mühüm strateji əhəmiyyət daşıması, ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılmışdır.

Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən söhbət açılmış, dəmir yolu ilə daşınacaq yüklərin yoxlanılması üçün müasir texnoloji avadanlıqların quraşdırılmasında ABŞ şirkətlərinin rolu, ABŞ investorlarının Astara rayonuna cəlb edilməsi üçün maraqlı sahələr müzakirə edilmişdir.  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-ABŞ dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur.

Amerikalı diplomat rayon İcra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlığını bildirmiş, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini vurğulamışdır.

Keçidlər