Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir

05 sentyabr 2012 | 15:00

04 sentyabr 2012-ci il tarixdə Astara rayon icra hakimiyyəti başçısı yanında keçirilən Şura iclasında rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəlikləri, idarə, müəssisə və təşkilatlarında 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərin vəziyyəti barədə məsələ müzakirə olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının birinci müavini M.Hüseynov məsələ ilə əlaqədar hazırlanmış geniş arayışı təqdim edəndən sonra müzakirələrdə iştirak edən Astara PEŞ-nin rəisi A.Hüseynov, rayon QİS-nin rəisi Z.Rzayev, rayon Suvarma Sistemləri İdarəsinin rəisi H.Manafov, rayon Su kanal idarəsinin müdiri A.Hüseynov, rayon Meşə mühafizəsi və bərpası idarəsinin müdir əvəzi S.Hüseynov, MKTTİB-nin baş mühəndisi R.Bəşirov çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə payız-qış mövsümünə hazırlıqla əlaqədar lazımi tədbirlərin görüldüyünü, qarşıya qoyulan vəzifələrin icrasına səylə çalışacaqlarını qeyd etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Şura iclasında çıxış edərək qışa hazırlıqla əlaqədar rayonun əsas xidmət təşkilatları tərəfindən xeyli iş görüldüyünü, lakin görüləsi işlərin də az olmadığını bildirmişdir. O, qeyd etmişdir ki, əsas məsələlərdən biri qış mövsümündə əhalinin təbii qaz və fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Təqdirəlayiq haldır ki, rayonun bir sıra yaşayış məntəqələrində təbii qazın çəkilişi sürətlə aparılır. Şuvaş, Siyətük, Şuvi, Səlivə, Deqədi, Sərək kəndlərində, həmçinin Şiyəkəran, Şahağacı istiqamətində gedən işlər yaxın vaxtda bu kəndlərə təbii qazın verilməsini gerçəkləşdirəcəkdir.
Elektrik təsərrüfatında əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün müntəzəm iş aparılsa da elektrik naqilləri və dirəklərin istismar müddətinin başa çatması bu işdə çətinliklər yaradır. Qarlı qış günlərində bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələrin olacağı qaçılmazdır. Bunları nəzərə alıb rayon PEŞ-nin rəisi A.Hüseynov Azərenerji İstehsalat Birliyinin rəhbərliyinə müraciət etməli, müəyyən mal-materialın alınmasına çalışmalıdır.
Rayon Suvarma Sistemləri İdarəsinin son aylarda gördüyü işlər də təqdirəlayiqdir. Xüsusən Astara şəhəri, Suparibağ, Ərçivan, Pensər ərazisində suötürücü kanalların təmizlənməsi, Astaraçay, Ərçivan çayı və Pensər çayında qazma və sahilbərkitmə işlərinin aparılması illər ərzində yığılıb qalan problemlərin həlli istiqamətində həyata keçirilən mühüm tədbirlərdir. Bununla da payız-qış mövsümündə həmin ərazilərin sel sularından mühafizəsi gücləndirilmişdir. Qazılmış kanalların tullantı materialı ilə doldurulmasının qarşısı alınmalı, bu işdə əhali ilə müntəzəm təbliğat işi aparılmalıdır.
Mədəni-maarif və səhiyyə müəssisələrinin istilik sisteminin yaxşılaşdırılması işi daim diqqətdə saxlanmalı, odunla qızdırılan müəssisələrin odun yanacağı ilə təminatı başa çatdırılmalıdır.
Şəhər ərazisində bir neçə ictimai yaşayış binasının su kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması, eyni zamanda binalarda aparılan təmir işləri ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Görülən işlərin davamlı olması üçün onların mühafizəsinə, qorunmasına diqqət artırılmalıdır.
Bütün bu görülən işlər əlbəttə, insanların rahatlığı, yaşayışının yaxşılaşdırılmasına xidmət edir. Biz bütün qüvvələri birləşdirməli, bundan sonra da quruculuq-abadlıq işlərini davam etdirməli, əhalinin daha yaxşı yaşaması, rayonumuzun abadlaşması üçün əlimizdən gələni etməli, qarşıya qoyulan vəzifələrin icrasına maksimum səy göstərməliyik.
Şura iclasında rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəlikləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin vəzifəsi müəyyənləşdirilmiş, 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləcək işlər barədə müvafiq qərar qəbul edilmişdir.
 

Keçidlər