Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
04 sentyabr 2012-ci il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının akt zalında müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoymuşlar.
Konfransda məruzə ilə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Q.Məmmədova Astara təhsilinin uğurlarından söhbət açmış, qazanılan nailiyyətləri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. O, qeyd etmişdir ki, bu il orta məktəb məzunlarından 162 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 21 nəfər 500-dən yuxarı, 5 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Respublikanın hər yerində olduğu kimi Astara rayonunda da təhsil müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən natiq hazırda rayonda eyni vaxtda 11 yeni məktəb binasının tikintisinin aparıldığını, Astara şəhər 7 saylı, Şağlazüzə, Telman kənd tam orta, Rüdəkənar kənd ümumi orta məktəblərinin ilin sonuna qədər istifadəyə veriləcəyini bildirmişdir.
Konfransda Astara Pedaqoji Kollecin direktoru Ə.Həmzəyev, rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri L.Qurbanova, Kijəbə qəsəbə tam orta məktəbin direktoru T.Rəsulova, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi G.Nəcəfova, Siyaku kənd tam orta məktəbin müəllimi H.Məmmədov, Astara şəhər 2 saylı tam orta məktəbin psixoloqu N.Dadaşova çıxış edərək kollektivlərinin qazandığı nailiyyətlərdən bəhs etmiş, qarşıdakı dərs ilində daha yüksək nailiyyətlər uğrunda çalışacaqlarını bildirmişlər.
Təhsil Problemləri İnstitutunun əməkdaşı Ə.Gərayev müstəqillik dönəmində respublika təhsilində əldə edilən uğurlardan danışmış və qarşıda duran vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Rayon icra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri N.İbadov yekun sözündə rayonun pedaqoji kollektivinə yeni dərs ilində uğurlar arzulamış, təhsilin inkişafına göstərdiyi hədsiz qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə rayonun bütün təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Sonda yeni dərs ilində rayonun pedaqoji kollektivi qarşısında duran vəzifələr müəyyən edilmiş və konfrans iştirakçıları adından ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.