Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astaralı şəhid hərbiçilərin orden və medalları

30 dekabr 2021 | 16:00
 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Astaralı hərbiçilərin orden və medallarını onların valideynləri və doğmalarına təqdim etmişdir.

Şəhidlərin doğmalarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibəti ilə təbrik edən icra başçısı bu bayramların xalqımız tərəfindən qürurla qeyd edilməsinə görə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək qanı, canı bahasına torpaqlarımızı azad edən şəhidlərə, qazilərə və müharibə iştirakçılarına borclu olduğumuzu bildirmişdir.

Qeyd etmişdir ki, təltiflərin bu müqəddəs məkanda təqdim edilməsi təsadüfi deyil. Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək, dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri, şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların birliyi, rəhbərə hədsiz inamı, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı. 

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək zəfər tarixi yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı müzəffər ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı. Bu tarixi qələbənin əldə edilməsində rayonumuzun qanları ilə tarix yazan qəhrəman oğullarının da misilsiz əməyi vardır.

8 noyabr Zəfər Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Hərbi Qulluqçularının orden və medallarla təltif edilməsi haqqında Sərəncam imzalamışdır.  Vətənin yüksək mükafatı ilə təltif olunanlar arasında rayonumuzun Qəhrəman oğullarının da olması bizdə böyük fəxarət hissi oyadır.

Sərəncama əsasən şəhid kapitan Fərəcov Kamran Qılman oğlu və əsgər Əbdülov Elnur Qədir oğlu 3-cü dərəcəli “Rəşadət” Ordeni ilə, kapitan Hüseynov Şahnur Şahin oğlu, gizir Xəlilov Nadir Ağadadaş oğlu, əsgər Bağırzadə Sadiq Şahin oğlu “Azərbaycan Bayrağı” Ordeni ilə, kiçik çavuş Babazadə Məhəmməd Cavanşir oğlu “İgidliyə görə” medalı ilə təltif olunmuşlar.

İcra başçısı torpaqlarımızın mənfur düşməndən azad edilməsində göstərdikləri qəhrəmanlığa görə cənab Prezident tərəfindən təltif olunan şəhidlərin valideynlərinə Vətən üçün vətənpərvər, layiqli və ləyaqətli övladlar böyütdüklərinə görə minnətdarlıq etmiş, təşəkkürünü bildirmişdir.

Keçidlər