Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

YAP Astara rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim edildi.

11 fevral 2022 | 16:00

11 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının yeni sədrinin təqdimatı keçirilmişdir. Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə rəhbərləri və partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül qoymuşlar. 

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ümummillli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək  ölkə Prezidentinin gənclərə böyük inam bəslədiyini, onların yüksək təhsil alması, intellektual səviyyələrinin artırılmasına, ali dövlət orqanlarında məsul vəzifələrə irəli çəkməsinə daim diqqət yetirdiyini qeyd etmişdir. Bildirmişdir ki, YAP İdarə Heyətinin qərarı ilə 28 yanvar 2022-ci il tarixdə YAP Astara rayon təşkilatının sədri seçilmiş Cəfərov Həbib Zərxan oğlu da bunlardan biridir. 

Həbib Cəfərov dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmiş, rayonun ictimai-siyasi həyatında həmişə fəal iştirak etmişdir.

Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan danışan icra başçısı qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin banisi olduğu, ölkədə yeganə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Torpaqlarımız düşmən tərəfindən işğal edilmişdi. Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalq ümidini təcrübəli dövlət xadimi Heydər Əliyevə bağlayaraq, ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təkidlə rəhbərliyə dəvət etdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası qısa müddətdən sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. Bu Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri idi.

30 ildir ki, güclü və demokratik siyasi qüvvə olan, xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Ulu öndərimizin ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.

Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, mütərrəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ən böyük uğur isə sözsüz ki, 30 ilə qədər işğal altında olan müqəddəs torpaqlarımızın azad edilməsidir. Ötən illər ərzində cənab Prezident torpaqlarımızın sülh yolu ilə azad edilməsi istiqamətində  fasiləsiz oalraq danışıqlar aparmaqla, güclü ordu quruculuğunu bir an belə unutmadı. Erməni quldurları sülh çağırışlarına əhəmiyyət verməyərək yeni torpaqlar iddiasına düşəndə isə layiqli cavablarını aldılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabr tarixində başlayan əks-hücum əməliyyatında qəhrəman əsgər və zabitlərimiz canından keçərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin göstərdiyi şücaət misilsizdir. Bu müharibədə 90-cı illərdə ölkədə yaranmış boşluqdan, hakimiyyətsizlikdən istifadə edərək Azərbaycan torpaqlarını vəhşicəsinə işğal və talan edən quldur ermənilər cəsur oğullarımızın əsl gücünü, nəyə qadir olduğunu gördülər. Həmin illərdə nizami ordu, və vahid komandanlıq yox idi. Özünümüdafiə dəstələrinə başçılıq edən qeyri-peşəkarlar isə xalqı qırğına fəlakətə düçar etdilər və böyük torpaq itkisi miras qoydular. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğunun əsası qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev isə  Azərbaycan ordusunu dünyanın ən nizami orduları sırasına yüksəltdi.

Bugünkü qələbəmizin, tarixi zəfərimizin əsl səbəbi də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında formalaşmış güclü ordumuzun vahid komandanlıq ətrafında sıx birləşməsidir. Qəhrəman zabit və əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz böyük vətənpərvərlik, döyüşkənlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ən şanlı tarixini yazdılar. Ağır məğlubiyyətə uğrayan erməni terrorçuları aldıqları dərsi heç vaxt unuda bilməyəcəklər.  

Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. Əlbəttə, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzsizdir. İnanırıq ki, partiyamızın sədri, möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin sabahı bu günündən daha möhtəşəm olacaqdır.

İcra başçısı partiya üzvlüyünə qəbulda keyfiyyətə önəm verilməsi və bu işə nəzarətin gücləndirilməsi, dövlətə sadiq sədaqətli, perspektivli gənclərin partiya sıralarına cəlb edilməsi, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəallığının artırılması, ərazi ilk partiya təşkilatlarının işinin gücləndirilməsi, yerlərdə dövlət siyasətinin təbliği istiqamətində aktivliyin təmin edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin gördüyü işlərin ictimaiyyətə çatdırılmasında partiya fəallarının gücündən səmərəli istifadə olunması barədə tövsiyə və tapşırıqlarını vermişdir.

YAP Astara rayon təşkilatına yeni təyin olunmuş sədr Həbib Cəfərov göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, bu etimadı doğrultmaq üçün böyük səylə çalışacağını vurğulamışdır.

Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov, Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Oqtay Əmənullayev və başqaları çıxış etmişlər.  

Keçidlər