Şuvi kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kəndində keçirdiyi səyyar qəbul-görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, dəfələrlə sizinlə görüşlərimiz olmuş, təklifləriniz əsasında qaldırılan problemlərin həlli üçün birgə səy göstərmiş, daha qlobal məsələlərin həlli ilə əlaqədar mərkəzi icra orqanlarına məktubla müraciətlər etmişik. İki il idi ki, pandemiyaya görə sizinlə görüşə bilməsək də ərazinin problemləri ilə daim maraqlanmış, həllinə mümkün köməkliklər göstərmişik. Bu il sizinlə keçirdiyimiz ilk görüşdə də narahatlıq doğuran məsələləri öyrənmək həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Buyurun sizi dinləyirik.
Sakinlər çıxış edərək pandemiyadan sonra yenidən onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmişlər. Ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, ölkədə aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildirmişlər.
Çıxış edənlər Ərçivan-Şuvi-Siyatük və Şuvi-Səlivə-Deqadi avtomobil yollarının və məscid yolunun təmiri, məscidə imamın təyin olunması, Şuvi kənd uşaq bağçası üçün yeni binanın tikintisi, elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, kənd həkim məntəqəsinə pediatr təyin edilməsi barədə arzu və təkliflərini bildirmişlər.
İcra başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək qeyd etmişdir ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri davamlı şəkildə aparılır. Şuvi nümayəndəliyinin ərazisində də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda nümayəndəliyə daxil olan Deqadi və Səlivə kəndlərinə çəkilən qaz xətti tamamlanmaq üzrədir. Bu sakinlərin böyük bir probleminin həlli deməkdir. Çünki, bu kəndlərin əhalisi heç vaxt təbii qazdan istifadə etməyiblər.
Buna baxmayaraq müəyyən problemlər də vardır. Bu problemlər bizə bəllidir. Bunlardan ən vacib olanı qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni binanın tikintisidir. Bu bağçanın durumu məni daim narahat edib. Nəhayət yeni binanın tikintisi üçün indi fürsət yaranıb. Bu gün Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Şuvidə olub. Onlar müəyyən sosial layihələr həyata keçirir. Hazırda Deqadi kənd ümumi orta məktəb üçün əlavə sinif otaqlarının tikintisinə başlamaq ərəfəsindədirlər. Eyni zamanda Şuvi uşaq bağçasının tikintisi barədə də söhbətlərimiz olub. Yəqin bunun müsbət nəticəsini yaxın zamanlarda görəcəyik.
Kəndin əsas avtomobil yolu olan Ərçivan-Şuvi-Siyatük avtomobil yolunun təmiri də diqqətimizdədir. Yağışlı havalar səngiyən kimi bu yolda təmir işinə başlanacaq.
Şuvi-Səlivə-Deqadi yolunun təmiri ilə bağlı həmin ərazidə fəaliyyət göstərən sahibkarla söhbət aparılmış, onların da istifadə etdiyi bu yolun təmiri üçün əməli tədbirlər görüləcəkdir.
Elektrik təsərrüfatında vaxtaşırı təmir işləri aparılsa da, bu sahənin tamamilə yenilənməsinə ehtiyac olduğunu bilirik. Bu istiqamətdə dövlət tədbirləri başqa yerlərdə olduğu kimi rayonumuzda da hissə-hissə həyata keçirilir. Ancaq cari təmir işləri aparılmaqla əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi təmin olunur.
Bəzi məsələlər də vardır ki, onları bələdiyyə ilə birlikdə həll etməlisiniz. Bələdiyyənin büdcəsi vergilərlə formalaşdığı üçün ilk növbədə bələdiyyə vergilərini vaxtında ödəmək lazımdır ki, ərazidə müəyyən işlər görə bilsin.
Rayonumuzda, eyni zamanda bu kənddə də həkim çatışmazlığı vardır. Bu problemləri aradan qaldırmaqdan ötrü tibb təhsili almış rayon gənclərinin qayıdaraq rayonumuzda əhaliyə səhiyyə xidməti göstərmələrində öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün çağırış edirəm.
İcra başçısı bildirmişdir ki, müstəqil dövlətimizin gündən-günə artan iqtisadi gücü bizə bunu deməyə əsas verir ki, gələcəkdə də tikinti-quruculuq işləri, sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürməklə, inkişaf, tərəqqi yüksək vüsətlə davam edir. Biz bunları qorumalı, hər an ölkə Prezidenti ətrafında sıx birləşməliyik.