Artupa kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin növbəti səyyar qəbul-görüşü Şəncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Artupa kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Görüş iştirakçıları uğurlu siyasəti ilə müstəqil dövlətimizi dünyada tanıdan, ölkəmizin hərtərəfli inkişafını təmin edən, əhalinin sosial rifahının artırılması üçün ardıcıl tədbirlər həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, kənd sakinlərinin təklif və problemlərini dinləmək üçün pandemiyadan sonra yenidən onlarla görüşə gələn icra başçısından razılıq etmişlər. Şəhid atası İsi Əhmədov erməni terrorçularının məhv etməklə torpaqlarımızı işğaldan azad edən, oğlunun və bütün şəhidlərimizin qisasını alan Ali Baş Komandan cənab İlham Əliyevə hədsiz minnətdarlığını bildirmişdir.
Sakinlər elektrik xətt təsərrüfatının təmiri, Artupa kənd həkim məntəqəsinə həkim təyinatı, şəhid atası İsi Əhmədovun gözünün müalicəsi və digər məsələlər barədə müraciət etmişlər.
İcra başçısı səmimi görüşə görə əhaliyə minnətdarlıq etmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində ərazinin əsas problemləri öz həllini tapmışdır. Nümayəndəliyin ərazisindəki avtomobil yolları asfaltlaşdırılmış, yeni məktəb binaları, uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi təmin olunmaqla, xətt təsərrüfatının yenilənməsi də hissə-hissə həyata keçiriləcəkdir.
Rayonumuzda həkimlərə ehtiyac çoxdur. Eyni zamanda bu kənddə də həkim çatışmazlığı vardır. Bunu aradan qaldırmaq üçün rayon mərkəzi xəstəxanasının həkimləri burada növbəli şəkildə xidmət göstərəcəklər. Bununla yanaşı tibb təhsili almış rayon gənclərinin qayıdaraq rayonumuzda əhaliyə səhiyyə xidməti göstərmələri, bilik və bacarıqlarını burada nümayiş etdirmələri üçün çağırış edirəm.
Hesab edirəm ki, başqa böyük bir problem qalmayıb. Qüdrətli dövlətimiz ölkədə ən böyük problem olan, illərdir bizi düşündürən Qarabağ problemini öz gücü ilə həll etmişdir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə, hərbi bacarıq nümayiş etdirərək qısa müddətdə, 44 gün ərzində uzun illər işğal altında olan torpaqlarımızı azad etdi. Qəhrəman oğullarımız Vətənin müdafiəsinə qalxaraq qanı, canı bahasına quldur erməni terroristlərini məhv etdilər. Xalqımıza qələbə sevincini yaşadaraq şəhid olan hər bir Vətən övladının xatirəsi bizim üçün əzizdir. Onların ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.
Bizim də qarşımızda duran əsas vəzifə uzaqgörən siyasəti ilə müstəqil dövlətimizi uğurlu gələcəyə aparan, torpaq həsrətimizə son qoyan, qalib xalq imicini bizə qaytaran, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşməklə ölkəmizin gələcək inkişafına töhfələrimizi verməkdən ibarətdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.