Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir

07 sentyabr 2012 | 15:00

6 sentyabr 2012-ci il tarixdə Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü olmuşdur.
Görüşü giriş sözü ilə açan RİH başçısı qeyd etmişdir ki, bu gün rayonumuzda hamımız üçün əlamətdar olan maraqlı tədbir keçirilir. Bu tədbir respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşə həsr olunmuşdur.
Müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət yetirildiyini, Ümummilli liderin təhsilə və onun cəmiyyətdəki roluna xüsusi önəm verdiyini, “təhsili millətin gələcəyi” adlandırdığını vurğulayan natiq, hələ sovet dönəmində bu görkəmli şəxsiyyətin böyük uzaqgörənliklə gənclərimizin respublikadan kənarda yüksək ixtisaslı kadrlar hazırlanmasından ötrü keçmiş SSRİ-nin iri şəhərlərində təhsil alması üçün mühüm tədbirlər həyata keçirdiyini bildirmiş, Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün tədbirlərin görüldüyünü, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət proqramlarının hazırlanaraq uğurla həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Astara rayonunda da təhsilin inkişafında uğurlu nəticələrin qazanıldığını fərəhli hal hesab edən icra başçısı, bunu dövlətin təhsilə olan böyük diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmişdir. Son illər rayonda 22 yeni məktəb binası tikilmiş, 11 məktəb əsaslı təmir olunmuşdur. Hazırda eyni vaxtda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 11 yeni məktəb binasının tikintisi davam edir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyətini də yaxşılaşdırmışdır. Bunu ali məktəblərə daxil olan tələbələrin sayının ildən-ilə artmasından aydın görmək olar. Bu il rayonun orta məktəblərini bitirən 170 nəfərə yaxın məzunun tələbə adını qazanması, bunlardan 16 nəfərin 500-dən yuxarı, 5 nəfərin isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olması yüksək nailiyyətdir.
Q.Ağayev tələbə adını qazanmaq şərəfinə nail olduqlarına görə gəncləri, onların yüksək hazırlığında əməyi olan müəllimləri və valideynləri təbrik etmişdir. Ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulamışdır. Qeyd etmişdir ki, müstəqil dövlətimiz bu gün öz yüksək inkişafı, tərəqqisi ilə dünyada tanınır. Belə bir ölkənin vətəndaşı olduğunuza görə qürur hissi keçirməli, əməli fəaliyyətinizlə, yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə ölkəmizin daha da çiçəklənməsi üçün səylə çalışmalısınız. İcra başçısı tələbə adının şərəfli, tələbəlik illərinin isə insan ömrünün ən gözəl çağları olduğunu vurğulamış, gənclərimizin bu adı şərəflə daşıyacaqlarını, öz elinə, obasına, müəllim və valideynlərinə daim başucalığı və şöhrət gətirəcəklərinə inandığını bildirmişdir. Q.Ağayev tələbə adını qazanmış gənclərə təhsildə, elm sahəsində uğurlar qazanmağı arzulamış, yüksək bal toplayan tələbələri və onların müəllimlərindən bir qrupunu icra hakimiyyətinin Fəxri Fərmanı, pul mükafatı və qiymətli hədiyyələrlə təltif etmişdir.
Rayon Təhsil Şöbəsinin müdiri Q.Məmmədova, Astara Pedaqoji Kollecin direktoru, Əməkdar müəllim Ə.Həmzəyev, Astara şəhər 2 saylı tam orta məktəbin direktoru M.Həsənova, Azərbaycanın Əməkdar müəllimi , Kijəbə qəsəbə tam orta məktəbin müəllimi A.Kişiyev, valideynlərdən N.Quliyev, K.Nəzərov, V.İmaməliyeva, tələbələrdən A.Mövsümova, Ş.Məmmədli, İ.Quliyev və başqaları çıxış edərək elmə, təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, eyni zamanda tələbələrlə keçirilən yüksək səviyyəli görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə etmişlər.
 

Keçidlər