Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənc müəllim Babək Rzazadəni qəbul etmişdir.

01 aprel 2022 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənc nəslin təlim-tərbiyəsində fərqlənən, təhsilin inkişafı ilə əlaqədar keçirilən layihənin və müsabiqələrin qalibi Astara şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Babək Rzazadə ilə görüşmüşdür.

Görüşdə iştirak edən rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov Astara təhsilinin mövcud vəziyəti və əldə edilən nailiyyətlər barədə icra başçısına məlumat vermişdir. Qeyd etmişdir ki, Babək Rzazadə 6 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Fəaliyyəti dövründə gənc müəllim kimi bir neçə uğura imza atmışdır. 2020-ci ildə Respublika Təhsil Nazirliyinin 4-cü Qrant müsabiqəsinin qalibi olmuş və ingilis dilində “OrdEng” adlı aplikasiya hazırlamışdır. Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilmiş “İlin gənc Müəllimi-2021”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunan “Fərq Yaradan Gənc Müəllim” və Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” şəbəkəsi tərəfindən təşkil olunan “Təhsilin Ulduzu-2022” müsabiqələrinin qalibi olmuşdur. Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyin “Beynəlxalq Viseqrad Fondu”nun maliyyə dəstəyi ilə keçirilən “Facilitator School” layihəsinin ölkə üzrə seçilmiş 7 iştirakçı müəllimdən biri kimi Slovakiyanın Bratislava şəhərində keçirilən təlimin iştirakçısıdır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və “Az EDU Akademy”nın Astara rayonu üzrə koordinatorudur.

Bu yaxınlarda Amerika səfirliyi və Respublika Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən  “ESL Teachers Development” layihəsi üzrə ən yaxşı iştirakçı müəllim seçilərək sertifikat və TKT (Teaching Knowledge Test) imtahan bileti qazanmışdır.

  İcra başçısı qazandığı uğurlara görə gənc müəllim Babək Rzazadəni təbrik etmiş, pedaqoji fəaliyyətində ona yeni uğurlar arzulamışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilin inkişafına həmişə yüksək diqqət və qayğı olmuş, bu ənənə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən bu gün yüksək səviyyədə davam etdirilir.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin yüksək səviyyədə təlim aparması və şagirdlərin tədris edilən fənləri mənimsəməsi üçün yeni tikilən məktəblərdə yaradılan şərait təhsilə marağı daha da artırmışdır. Yüksək balla respublikanın ali təhsil ocaqlarına qəbul olunan məzunlarımızın sayının  ildən-ilə artması buna bariz nümunədir. Bu günlərdə Pensər kənd tam orta məktəb-liseyin şagirdi ABŞ-nın Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanan Salman Hüseynovun müvəffəqiyyəti hamımızı sevindirir. Bu siz müəllimlərin əməyi sayəsində bir astaralı məktəblinin dünya səviyyəsində qazandığı uğurdur.

Sən hələ gəncsən, həvəslə çalışırsan gələcəkdə daha da böyük uğurların olacaq. Mən inanıram ki, bundan sonra şagirdlərini vətənpərvər ruhda tərbiyə edərək, təhsil sahəsində fəaliyyətini daha da artıracaq, yeni təlim metodlarından istifadə etməklə özünün və şagirdlərinin uğurları ilə müvəffəqiyyətlər qazanacaqsan. Bu yolda sənə uğurlar arzulayıram.

Babək Rzazadə ölkəmizdə təhsil sahəsində yaradılan yüksək şəraitə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişdir. Görüşə görə icra hakimiyyətinin başçısına razılığını bildirmiş, gənc nəslin təlim-tərbiyəsi sahəsində bundan sonra da daha böyük məsuliyyət və səylə çalışacağını vurğulamışdır.  

İcra başçısı təhsildə yüksək nailiyyət qazanmış Babək Rzazadəyə Fəxri Fərman və hədiyyə təqdim etmişdir.

Keçidlər