Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sərbəst güləş üzrə Avropa çempionatının qalibi ilə görüşmüşdür
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ayrı-ayrı sahələrdə uğur qazanan, yüksək nailiyyətləri ilə fərqlənən müxtəlif peşə sahibləri olan gənclərlə mütəmadi görüşür, problemləri ilə daim maraqlanır, daha böyük uğurlar qazanmaları üçün maddi və mənəvi köməklik göstərir.
Növbəti belə bir görüş Macarıstanın Budapeşt şəhərində sərbəst güləş üzrə mart ayında keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan yığma komandasının üzvü Astara güləş məktəbinin yetirməsi Əliabbas Rzazadə ilə olmuşdur.
Görüşdə Əliabbas Rzazadənin şəxsi məşqçisi məşhur astaralı idmançı, 2 qat Avropa çempionu, Dünya birinciliyinin bürünc mükafatçısı, ”Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, beynəlxalq dərəcəli idman ustası Aslan Ağayev də iştirak etmişdir.
Rzazadə Əliabbas Hafis oğlu 1998-ci ildə Astara rayonunun Rudəkənar kəndində anadan olmuşdur. 2007-ci ildən güləşlə məşğuldur. 2013-cü ildən Azərbaycan yığma komandasının üzvüdür. 2014-cü ildə sərbəst güləş üzrə yeniyetmələr arasında Respublika çempionu olmuş, gənclər arasında 2016-cı ildə Rumıniyada keçirilən Avropa və Fransada keçirilən dünya çempionatlarında bürünc medal qazanmışdır.
2018-ci ildə İtaliyada keçirilən Avropa çempionatında bürünc, 2021-ci ildə Makedoniyada keçirilən U-23 Avropa çempionatında gümüş, Serbiyada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanmışdır.
2022-ci ilin martında Budapeşt şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanmışdır.
Bu yüksək nailiyyətlərinə görə Əliabbası təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, sənin titullu rəqiblərinə necə ustalıqla qalib gəldiyini gördük, döyüşünü diqqətlə izlədik. Deyə bilərəm ki, sən elə bizimçün çempionsan.
Həmyerlilərimiz Aslan Ağayev və Cəbrayıl Həsənovun yolunu inamla davam etdirməyin bizi sevindirir və yeni qələbələrə ümidləndirir.
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan idman ölkəsinə çevrilmişdir. Yaradılan yüksək şəraitdən faydalanan gənclərimiz idmanın müxtəlif növləri üzrə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Qalib idmançılarımızın şərəfinə ən mötəbər yarışlarda himnimizin səsləndirilməsi və bayrağımızın yüksəldilməsi bizi hədsiz sevindiri və qürurlandırır.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdə idmançılarımızın da xüsusi payı vardır. Bir yumruq kimi birləşən xalqımızın cəsur nümayəndələri olan bu gənclər əsl vətənpərvərlik nümunəsi göstərmişlər.
İcra başçısı Əliabbas Rzazadəni bir daha təbrik etmiş, ona gələcək yarışlarda uğurlar diləmiş, Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.
Əliabbas Rzazadə yüksək diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə minnətdarlıq etmişdir. Ən böyük arzum “Dünya çempionatı və Olimpiya Oyunlarında qalib gələrək Azərbaycanın Dövlət Himnin səsləndirilməsi və Bayrağımızın ucaldılmasına nail olmaqdır” deyən Əliabbas bunun üçün yorulmadan gecə-gündüz əzmlə çalışacağını vurğulamışdır.
Aslan Ağayev ölkədə gənc idmançıların yetişdirilməsi üçün yaradılmış ideal şəraitə görə cənab Prezidentə minnətdarlığını bildirmiş, qəbula görə icra başçısına təşəkkür etmişdir.