Maşxan kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Maşxan kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürülən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Çıxış edənlər ölkədə aparılan çoxmiqyaslı quruculuq işlərinə, xüsusilə əhalinin həyata səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial layihələrin həyata keçirilməsinə görə prezident İlham Əliyevə minnətdarlıq etmiş, pandemiya dövründə vətəndaşların xəstəlikdən qorunması, müalicəsi, həmçinin maddi dəstəyə görə ölkə başçısına ən xoş arzularını bildirmişlər. İki illik fasilədən sonra əhalinin görüşünə gələrək , problemlərini dinləməyə və həllinə görə operativ tədbirlər müəyyənləşdirdiyinə görə rayon icra hakimiyyətinin başçısından razılıq etmişlər. Vətəndaşlar Maşxan kənd tam orta məktəbi, uşaq bağçası, məhəllə yollarının təmiri, elektrik dirəklərinin dəyişdirilməsi barədə təkliflərini vermişlər.
İcra başçısı qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda, o cümlədən, rayonumuzda bütün sahələrdə uğurlu inkişaf gedir. Cənab Prezidentin diqqət və qayğısı ilə həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirir. Bu rahatlıq gündən-günə yaxşılaşan həyatımızın bütün sahələrində özünü göstərir. Yeni məktəb binalarının, xəstəxanaların inşa edilməsi, yol tikintisi, qazlaşma, elektrik təsərrüfatlarının yeniləşməsi buna misaldır. Rayonumuzda, o cümlədən Maşxan kəndində də müəyyən işlər görülmüşdür. Əvvəlki görüşlərimizdə qaldırdığınız əsas problemlərdən biri Kijəbə-Maşxan avtomobil yolunun təmiri idi. Uzun müddət təmir olunmadığı üçün sıradan çıxmış bu yola nəhayət ki, asfalt örtük çəkilərək problemin həllinə nail ola bildik. Sadaladığınız məsələlərdən qonşu mübahisələri və digər xırda problemləri öz aralarınızda həll etməlisiniz. Bu barədə icra nümayəndəsi və bələdiyyəyə də tövsiyələrimi vermişəm.
Astara-Çayoba avtomobil yolunun, Maşxan kənd tam orta məktəbi və uşaq bağçasının təmiri barədə aidiyyəti üzrə müraciət olunmuşdur. Yəqin həlli barədə tədbirlər müəyyənləşdiriləcək.
Əgər ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uzun müddət düyünə düşmüş, hər birimizi dərindən düşündürən və narahat edən Qarabağ probleminin həllinə qısa müddətdə nail olubsa, bu məsələlər adi şeylərdir. Amma müəyyən zaman tələb edir. İndi əsas diqqət düşmən tapdağından azad edilmiş doğma torpaqlara yönəlməlidir. Vəhşi erməni terroristlərin daşı daş üstünə qoymadığı, xarabalığa çevirdiyi, talan etdiyi şəhər, qəsəbə və kəndlərimizi yenidən qurmalı, güclü tikinti-abadlıq işləri aparmalıyıq. Cənab Prezidentimiz tərəfindən bu istiqamətdə mühüm tədbirlər müəyyənləşdirilmiş, tarixi yurd yerlərinə qayıdış üçün sürətli tikinti-quruculuq işləri aparılır. Bir neçə şəhərdə ən müasir səviyyədə aeroportlar tikilir, yollar çəkilir, yaşayış məntəqələri salınır, bir sözlə bütün infrastrukturlar qurulur. İnşallah, yaxın günlərdə böyük qayıdışın şahidi olarıq. Biz də ölkə rəhbəri ətrafında sıx birləşməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumalı, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə töhfəmizi verməliyik.